“Ermənilər həqiqi müzakirələrdən boyun qaçırmağa cəhd etdi” Siyasət

“Ermənilər həqiqi müzakirələrdən boyun qaçırmağa cəhd etdi”

Səməd Seyidov: "Onlar həmişəki kimi destruktiv mövqelərindən əl çəkmirlər"

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti qurumun Monitorinq Komitəsində fəaliyyət göstərən üzv ölkələr arasında münaqişələrə dair alt komitənin iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqi müzakirələrdən boyun qaçırmağa cəhd etdi.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, ermənilər yenə də Dağlıq Qarabağ məsələsində öz destruktivliyi ilə xüsusi seçildilər: "Ona görə ki, ermənilər AŞPA-nın böyük iclasında hansısa yalan faktları təqdim etmək cəhdləri göstərdikləri halda, Komitədə konkret söhbətə gələndə, konkret faktların müzakirəsinə gələndə müzakirələrdən imtina etmək təklifini ortaya atdılar. Bu bir daha sübut edir ki, Ermənistan bir tərəfdən dünya ictimaiyyətini tamamilə yalnış bir yola sürükləmək istəyir, digər tərəfdən isə konkret hansısa bir müzakirələr gündəmə gələndə, o müzakirələrdən sadəcə qaçır və müzakirələrdə iştirak etmək iradəsini ortaya qoymur".
S.Seyidov bildirib ki, təəssüflər olsun ki, Ermənistan real və ciddi addımlar atmağa hazır deyil: "Biz Azərbaycan olaraq öz niyyətimizi ortaya qoyduq, dəfələrlə təklif etdik ki, Ermənistan və Azərbaycan icmalarının görüşlərini təşkil etməyə də hazırıq, nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində də görüşlərə hazırıq, sülh tərəfdarıyıq. Ancaq ermənilər həmişəki kimi destruktiv mövqelərindən əl çəkmirlər. Bizim tələbimiz dəyişməzdir - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır".