“Markovun dediklərini, əslində bütün rus ictimai-siyasi xadimləri bilirlər” Siyasət

“Markovun dediklərini, əslində bütün rus ictimai-siyasi xadimləri bilirlər”

Zaur Məmmədov: "Onun, Ermənistanı işğalçı dövlət adlandırması Kremlin Cənubi Qafqaz siyasətində bəzi dəyişikliklər etməsinin nəticəsidir"

"Markovun dediklərini, əslində bütün rus ictimai-siyasi xadimləri bilirlər, lakin susurlar. Onun, Ermənistanı işğalçı dövlət adlandırması və gec-tez Azərbaycanın ərazilərindən çıxarılacaqları barədə dedikləri, görünür, Kremlin Cənubi Qafqaz siyasətində bəzi dəyişikliklər etməsinin nəticəsidir". Bu fikirləri iyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov deyib.
O qeyd edib ki, Rusiya İctimai palatasının üzvü, politoloq Sergey Markov haqlı şəkildə münaqişədə Ermənistanı günahlandırıb: "Markov münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in Lissabon sammitinin qərarları, Madrid prinsiplərini xatırladaraq rəsmi İrəvanının beynəlxalq qanunları yerinə yetirməli olduğunu deyib. Bunu etmədiyi təqdirdə məsuliyyət erməni tərəfinin üzərinə düşür. 2011-ci ildə razılaşdırılmış Kazan formulası var. İlin axırına kimi 5 rayonun qaytarılacağını deyən Markov bildirib ki, Ermənistan rəhbərliyi başa düşür ki, münaqişə alovlanarsa Rusiya onların tərəfində yer almayacaq. Əlbəttə, erməni tərəfi istərdi ki, ətraf rayonların qaytarılması ilə eyni anda Dağlıq Qarabağın statusu məsələsi də həllini tapsın. Amma, Azərbaycan buna razı ola bilməz".
Politoloqun sözlərinə görə, bu münaqişənin digərlərindən fərqi ondadır ki, erməni və azərbaycanlı əsgərlər arasında sülhməramlı qüvvələr yoxdur: "Tərəflər istənilən an bir-birinə hücum edə bilərlər. Ermənilərin atəşkəsi tez-tez pozmaları bunun əyani sübutudur. Lakin, aprelin əvvəlindəki hadisələr bir daha göstərdi ki, Azərbaycanın güclü ordusu var".
Zaur Məmmədov Rusiya XİN sözçüsü Mariya Zaxarova "Lifenews"-un müxbirlərinin Azərbaycandan qovulmasına münasibət bildirərkən, günahın telekanalda olduğunu söylədiyini xatırladıb: "Dünyada öz jurnalistlərinin hansısa ölkədən qovulmasına dəstək verən bəyanatlar çox nadir hallarda baş verir. Yuxarıda sadaladıqlarım sübut edir ki, Rusiya ətraf rayonların Azərbaycana qaytarılmasına artıq razılıq verib. İndi erməni ictimaiyyətini buna razı salmaq lazımdır. Bir neçə il bundan əvvəl, əgər münaqişəni ermənilərin lehinə həll etmək mümkün idisə, indi vəziyyət dəyişib. İstər Qərb ilə, istərsə də Rusiya ilə dil tapa bilən Azərbaycan Prezidenti cənab İlham Əliyev növbəti dəfə güclü diplomat olduğunu sübut etdi. Təsadüfi deyil ki, erməni ictimaiyyəti Rusiyanı onları satmaqda günahlandırır. Çünki, uzun illər idi ki, ermənilər ruslara arxayınlaşaraq Azərbaycana qarşı işğalçı siyasətlərindən geri çəkilmirdilər. Son günlər cəbhədə baş verən hadisələr göstərdi ki, qarşısında kimin olmasından asılı olmayaraq Azərbaycan istənilən an öz torpaqlarını ermənilərdən təmizləməyə qadirdir. Bunun diplomatik yolla yoxsa hərbi yolla həllini tapacağı isə rəsmi İrəvandan asılıdır".
"Erməni tərəfinin ətraf rayonların qaytarılmasına razılıq verib-verməyəcəyinə gəldikdə isə, Sarkisyan Ter-Petrosyanın aqibəti ilə üzləşəcəyindən qorxur. Fikrimcə, bu ermənilərə verəcəyimiz son şans olmalıdır. Şanslarını dəyərləndirsələr onlar üçün çox yaxşı olar".