“İşğal ekoloji terrorla müşayiət olunub”-Sahibə Qafarova Siyasət

“İşğal ekoloji terrorla müşayiət olunub”-Sahibə Qafarova

“Ermənistan etnik təmizləmə siyasəti həyata keçirməklə yanaşı, 30 illik işğal nəticəsində bütün şəhər və kəndlərimizi yerlə yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandallığa məruz qoyub”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib. O, bildirib ki, işğal ekoloji terrorla müşayiət olunub: “Ermənistan meşələrimizi və təbiət qoruqlarımızı məhv edib, təbii sərvətlərimizdən qanunsuz istifadə edib, Ermənistandan Azərbaycan ərazisinə axan transsərhəd çaylar da daxil olmaqla, torpağı və çayları çirkləndirib.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, ATƏT də daxil olmaqla digər müvafiq beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarları yerinə yetirilmədi.
2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirdi, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi”.