“Stop-Metsamor” beynəlxalq koalisiyası təsis edilib Siyasət

“Stop-Metsamor” beynəlxalq koalisiyası təsis edilib

Dünən Azərbaycan, Gürcüstan, Türkiyə, İsrail, Ukrayna, İran, Belarus, Rusiya, Qazaxıstan və Ermənistan QHT-lərinin iştirakı ilə "Stop-Metsamor" Qeyri-Hökumət Təşkilatlarının beynəlxalq koalisiyasının təsis konfransı keçirilib.
Konfransda çıxış edən Azərbaycan Milli Ekologiya Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov bildirib ki, 1976-cı ildə istifadəyə verilmiş və artıq istismar müddəti bitmiş Metsamor AES-in region üçü təhlükəsi böyükdür. O deyib ki, beynəlxalq təşkilatlar stansiyanın istismar müddətinin 2006-cı ildə bitdiyini açıqlayıblar, lakin Ermənistan tərəfi artıq 10 ildir ki, bu müddəti uzadır: "Bu stansiya həm ərazini çirkləndirir, həm də yeraltı suları zəhərləyir. Biz insanlıq naminə dərhal bu stansiyanın bağlanması üçün çalışmalıyıq. Əgər biz bu stansiyanın bağlanmasına nail olsaq, deməli, bütün dünyanı xilas etmiş olacağıq".
Azərbaycan Radiasiya Problemləri İnstitutunun professoru Rauf Sərdarlı qeyd edib ki, Metsamor AES 2003-cü ildə 5 illik idarə etmək üçün Rusiya şirkətinə verilib. Onun sözlərinə görə, hazırda bu AES Ermənistanın istifadə etdiyi elektrik enerjisinin 30-40 faizini verir: "Orada bir neçə avadanlıq işləmir və radioaktiv atqıların həcmi böyükdür. Nəzərə almaq lazımdır ki, stansiyanın yerləşdiyi ərazi Türkiyə, Azərbaycan və Gürcüstanla həmsərhəddir və bu ərazilərdə əhali yaşayır. Təkcə Ermənistanda stansiyanın yaxınlığında 2 milyon insan yaşayır. Avropa Komissiyası 2012-ci ildə öz hesabatında göstərir ki, bu stansiyanı bərpa etmək mümkün deyil. Ermənistan tərəfi isə beynəlxalq təşkilatların bəyanatına məhəl qoymur".
İsrail təmsilçisi Arye Qut Ermənistan hakimiyyətinin regional təhlükəsizliyi təhdid etdiyini söyləyib: "Onların hansı addım atacağını proqnozlaşdırmaq mümkün deyil. Ermənistan hakimiyyətini bu gün hamı tanıyır. Heç kimə sirr deyil ki, orada hakimiyyətdə olan faşist qüvvələr üçün "çirkli" bombadan istifadə problem olmayacaq. Xocalıda soyqırım törədən bir rejimdən nə gözləmək olar?! Ona görə də mən hamını və bütün qonşu dövlətləri bu problemin həllinə çağırıram. Səylərimizi birləşdirməliyik və bu kimi konfransları üzv ölkələr öz ölkələrində də keçirməlidirlər".
Video-körpü vasitəsilə konfransa qoşulan Ermənistan təmsilçisi, "Beynəlxalq Azadlıq Hərəkatı"nın sədri Vahan Martirosyan da stansiyanın Ermənistan və dünya üçün təhlükə yaratdığını deyib. O, ermənilərin də bu məsələdən narahat olduqlarını, lakin bunu söyləməkdən qorxduqlarını vurğulayıb: "Ermənistan hakimiyyəti erməni xalqının gələcəyini düşünmür. Ermənistan Rusiya ilə birlikdə böyük gəlir əldə etmək üçün burada iş pozuntularına fikir vermir. Aparıcı nüvə ekspertlərinin rəylərinə baxmayaraq, Ermənistan hakimiyyəti artıq 3-cü elektrik blokunun tikintisinə başlayır ki, bu da riskləri artırır. Bu baxımdan mən hesab edirəm ki, yaradılan koalisiyaya təkcə QHT-lər deyil, beynəlxalq təşkilatlar da qoşulmalıdır".
Tədbirdə çıxış edən Rusiya və Türkiyə təmsilçiləri də "Metsamor" AES-in artıq təhlükəyə çevrildiyini və dərhal istismarına son verilməsinin vacibliyini vurğulayıblar.
Sonda koalisiyanın təsis bəyannaməsi qəbul edilib və beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub.