“Qərəzli qərarlar əməkdaşlığı poza bilər” Siyasət

“Qərəzli qərarlar əməkdaşlığı poza bilər”

"Azərbaycan Avropa Parlamenti ilə həm Parlament, həm də dövlət səviyyəsində kifayət qədər uğurlu münasibətlər qursa da, burada zaman-zaman ölkəmizə qarşı təxribat xarakterli müzakirə və qətnamələrə rast gəlirik". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, bu əməllərin arxasında erməni lobbisi dayanır: "Bu qüvvələr Azərbaycan hər dəfə yeni uğurlara imza atdıqda ölkəmizin imicinə xələl gətirmək üçün qarayaxma kampaniyasına başlayırlar. Lakin bunu AP-nin siyasəti, mövqeyi kimi qəbul etmək olmaz. Ona görə ki, səsvermədə müəyyən deputatlar Azərbaycana qarşı səs versələr də, çoxları ölkəmizi dəstəkləyirlər". Millət vəkili bildirib ki, Azərbaycan tərəfi daimi olaraq əməkdaşlığa açıqdır: "Biz üzv olduğumuz və olmadığımız təşkilatlarla əməkdaşlıq edirik və gələcəkdə də etmək niyyətindəyik. Lakin bu əməkdaşlıq bərabərhüquqlu, iradlar konstruktiv dialoq şəklində olmalıdır. Azərbaycan konstruktiv dialoq vasitəsilə danışıqlar aparmağa hazırdır. AP rəhbərliyi gələcəkdə qərəzli qətnamələrin, birtərəfli müzakirələrin qarşısını ala bilsə, ümumiyyətlə reallığı dərk edib, etiraf etsə, Azərbaycan tərəfi də əməkdaşlığa daha açıq və həvəslə yanaşar". Sevinc Fətəliyev qeyd edib ki, Azərbaycan Parlamenti beynəlxalq təşkilarlarda nümayəndə heyəti səviyyəsində təmsil olunur: "Lakin bəzi təşkilarlarda ölkəmizə qarşı qərəzli qərarlar qəbul edildikdə bu əməkdaşlıq pozula bilir. Misal üçün Azərbaycan nümayəndə heyəti Avronest Parlament Assambleyasında kifayət qədər fəal iştirak edirdi. Lakin son hadisələr göstərdi ki, belə əməkdaşlıq qəbul edilməzdir. Bu təşkilat qərəzli müzakirələr və təxribatların qarşısını aldığı zaman Azərbaycan da orada iştirakına yenidən baxa bilər".