“Ukrayna ilə bağlı baş verənlər göstərdi ki...” Siyasət

“Ukrayna ilə bağlı baş verənlər göstərdi ki...”

ATƏT PA prezidenti: "...Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar tezliklə nəticə əldə etməliyik"

"Hazırda ATƏT-in sədri ilə çalışırıq ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olaq. Məqsədimiz odur ki, artıq ciddi nəticələr əldə edək. Çünki son vaxtlar Ukrayna ilə bağlı baş verən hadisələr göstərdi ki, biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərgin işləməli, tezliklə nəticə əldə etməliyik".
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç jurnalistlərə açıqlamasında deyib.
O, bu yaxınlarda Rusiyadan olan bir neçə deputatla Ukrayna məsələsi ilə bağlı görüş keçirdiyini qeyd edərək bunları açıqlayıb: "ATƏT-in, digər beynəlxalq təşkilatların münaqişələrlə bağlı prinsipial mövqeyini ortaya qoydum. Bildirdim ki, bizim məqsədimiz insanların firavan yaşaması, ölkələrin ərazi bütövlüyünün pozulmamasıdır".
ATƏT PA prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da stabil mövqelərinin olduğunu vurğulayıb: "Bu, 1996-cı ildə Lissabon sammitində qəbul olunan və yenilənmiş Madrid prinsipləridir".