Avropa təhlükəsizliyinə ciddi təhdid Siyasət

Avropa təhlükəsizliyinə ciddi təhdid

Azərbaycanın ATƏT-dəki nümayəndəliyi buna aydınlıq gətirib

"Helsinki Yekun Aktında yer alan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin pozulması Avropa təhlükəsizliyi böhranının əsas səbəblərdən biridir. Bütün həlli uzadılmış münaqişələrə münasibətdə eyni prinsipial mövqenin sərgilənməməsi, Helsinki Yekun Aktının prinsiplərinə selektiv yanaşma və mahiyyətinin təhrif edilməsi etimadı zəiflədib. Gücdən istifadə hallarının artması, habelə beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunmasının təmin olunmaması Avropa təhlükəsizliyinə ciddi təhdid yaradır".
Bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin ATƏT-in təhlükəsizlik məsələləri ilə bağlı illik icmal konfransı çərçivəsində keçirilən Avropa təhlükəsizliyi mövzusundakı müzakirələrlə bağlı bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, ATƏT məkanındakı hərbi-siyasi və iqtisadi bloklar arasındakı rəqabət Avropa təhlükəsizlik mühitinə ciddi təsir edir: "Təşkilatı rəqabət aparan siyasi-hərbi qruplaşmaların meydanına çevirmək cəhdləri narahatlıq doğurur. Bu cür rəqabət ATƏT məkanının bölünməzliyi məsələsini sual altına qoyur. Ona görə də Azərbaycan ATƏT-in sülh və təhlükəsizliyin qorunması sahəsindəki mərkəzi rolunun qorunması və gücləndirilməsinin qəti tərəfdarıdır. Azərbaycan inanır ki, hazırkı böhrandan yeganə çıxış yolu Helsinki Yekun Aktında əksini tapan prinsiplərə qeyd-şərtsiz hörmətin bərpa edilməsidir. ATƏT-in bütün öhdəlikləri üzv dövlətlərə münasibətdə hər hansı istisna, ikili standart, coğrafiya və digər amillərdən asılı olmayaraq, eyni qaydada tətbiq edilməlidir".
Sənəddə həmçinin qeyd edilib ki, Azərbaycan ATƏT-ə üzv dövlətlərlə Avropa təhlükəsizliyi problemlərinə davamlı həll yolları tapmaq üçün açıq və səmimi dialoqa hazırdır.