“Prezidentin təklifləri Azərbaycanda hüquqi sistemin daha da təkmilləşdirilməsi ilə bağlıdır” Siyasət

“Prezidentin təklifləri Azərbaycanda hüquqi sistemin daha da təkmilləşdirilməsi ilə bağlıdır”

Aydın Mirzəzadə: "Təklif edilən dəyişikliklər Azərbaycanın qarşısında duran problemlərin daha səmərəli həll etmək imkanı verəcək"

"Konstitusiyamıza dəyişikliklərlə bağlı cənab Prezidentin təklifləri Azərbaycanda hüquqi sistemin daha da təkmilləşdirilməsi ilə bağlıdır". Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncama münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, təklif edilən dəyişikliklər Azərbaycanın qarşısında duran problemlərin daha səmərəli həll etmək imkanı verəcək: "Azərbaycan müstəqil dövlətçiliyinin bərpasının 25 illiyini yaşayır və ölkəmizdə inkişaf yüksək sürətlə gedir. Bu gün dünyanın inkişaf etmiş demokratik ölkələrinin dəyərləri Azərbaycan cəmiyyətində daha çox oturuşur. Bu dəyişiklikləri zamanın tələbini əsas qanunda nəzərə almaq zərurəti yaranır".
Edilən təkliflər iki istiqamətdə olduğunu deyən A. Mirzəzadə söyləyib ki, birincisi, demokratik dəyərlərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha da güclü qorunması, ikincisi isə, Azərbaycanda idarəetmə mexanizminin günün tələblərinə cavab verən formaya gətirib çıxarılmasıdır: "Artıq Azərbaycanda əhalinin sayı 10 milyona yaxınlaşır. Bu isə əhalisi çox olan ölkələr qrupudur. Bütün bunlar 25 il bundan əvvəlki idarəetmə mexanizminin daha da yeni mərhələsinə qalxmasına ehtiyac yaradır. Azərbaycan üçün yeni olan vitse-prezidentlər institutunun tətbiq edilməsi nəzərdə tutulub ki, artıq vitse-prezidentlər dövlətçiliyin bir sıra vacib sahələrinə konkret cavabdeh olacaqlar. Bu isə həmin sahələrdə qarşıya çıxan məsələlərin daha yüksək səviyyədə həll edilməsinə imkan verəcək".
Millət vəkili söyləyib ki, Konstitusiya dəyişikliyində, eyni zamanda, Azərbaycan dövlətçiliyinin inkişafından irəli gələn bir sıra məsələlər də öz əksini tapır: "Dəyişikliklərlə bağlı təkliflərdə deputat seçkisi ilə bağlı yaş məhdudiyyətinin götürülməsi yer alıb. Artıq bütün dünyada seçib-seçilmək, aktiv və passiv seçki hüququ olan şəxslərin parlamentə seçilmək hüququ var. Yaş məhdudiyyətin götürülməsi ilə əlaqədar Azərbaycanda da yeni demokratik düşüncəli, enerjili gənclər meydana gələr. Onlar bu və ya digər formada öz potensialından istifadə etməklə inkişafımıza böyük dəyər verə bilərlər. Ümumiyyətlə, təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətini daha açıq, demokratik və beynəlxalq birliyə inteqrasiya etmiş səviyyəyə qaldırar. Cəmiyyətdən gələn ilk reaksiyalar da seçicilərin təklif edilən dəyişiklikləri dəstəklədiyini göstərir".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Konstitusiyaya dəyişiklik edilməsi barədə referendum aktı imzalayıb. Təklif edilən layihədə bir neçə maddəyə dəyişiklik edilməsi nəzərdə tutulub.
Təklif edilən dəyişikliklərdə prezidentliyə namizədə qoyulan tələblərdə 35 yaş məhdudiyyətinin aradan qaldırılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi öz əksini tapıb.
Həmçinin, birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, həmin şəxslərin prezident tərəfindən təyin və vəzifədən azad edilməsi, prezident vaxtından əvvəl vəzifədən getdikdə onu baş nazirin deyil, birinci vitse-prezidentin əvəz etməsi, birinci vitse-prezidentin prezidenti əvəz etməsi mümkün olmadıqda onu vitse-prezidentlərin əvəz etməsi, vitse-prezidentlərin əvəz etməsi mümkün olmadıqda baş nazirin, baş nazirin əvəz etməsi mümkün olmadıqda Milli Məclis sədrinin əvəz etməsi nəzərdə tutulur.
Bundan əlavə layihədə Azərbaycanda parlament seçkilərində iştirak üçün yaş həddi 18 nəzərdə tutulub.