

Paşinyan: "Vəziyyət elədir ki, təbrik etmək üçün xüsusi bir şey yoxdur və onun üzərinə çox ağır məsuliyyət qoyulub”
Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçıları sentyabrın 9-da Xankəndidəki qondarma “parlament”də “prezident seçkiləri” keçiriblər. “Növbədənkənar iclasda” gizli səsvermə yolu ilə Samvel Şahramanyan qondarma rejimin yeni başçısı "seçilib".
Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Qondarma rejimin keçirdiyi seçkilər təkcə ölkəmizdə deyil, beynəlxalq qurum və rəsmi orqanlar tərəfindən də qəbul edilməyib.
Azərbaycanın Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsində “prezident seçkiləri” keçirilməsi Azərbaycan tərəfindən qəbul edilmir və ölkə qanunvericiliyinin pozulması kimi qiymətləndirilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış "qondarma rejimin prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət Azərbaycan Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
“Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Konstitusiyası və qanunları təşkil edir. Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur. Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycanın konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir”, sənəddə qeyd edilir.
Xarici İşlər Nazirliyi bölgədəki son duruma işarə edərək bildirir ki, Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə olması “Azərbaycanın daxili işlərinə kobud müdaxilə, ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir”.
“Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır.
Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”, bəyanatda qeyd edilir.
Öz növbəsində, Ermənistan Xarici İşlər Nazirliyi danışıqları davam etdirməyə hazır olması ilə bağlı bəyanat yayıb.
"Ermənistan Azərbaycanla bağlı bütün məsələlərin yalnız siyasi və diplomatik yollarla həllinə sadiq qalmaqda davam edir. Müvafiq olaraq, Ermənistanın təxribatlar hazırlaması ilə bağlı bəyanatlar tamamilə əsassızdır. Ermənistanın vəziyyəti gərginləşdirmək niyyəti yoxdur, əksinə, biz əvvəllər təklif etdiyimiz deeskalasiya mexanizmlərini müzakirə etmək üçün açıq qalırıq. Bölgədə sabitlikdə maraqlı olan bütün tərəfdaşların diqqətini Ermənistanın Azərbaycanla müzakirələrə ən qısa zamanda davam etməyə hazır olmasına dəvət edirik", sənəddə qeyd edilir.
Dünyanın bir sıra beynəlxalq təşkilatları və dövlətləri sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər"i tanımafqkatlnı bildiri və
bunu Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozuntusu kimi qeyd ediblər.
Avropa Birliyi, Avropa Şurası, Türkdilli Dövlətlərin Parlament Assambleyası, Türk Dövlətləri Təşkilatı, Moldova, Pakistan, Böyük Britaniya, Ukrayna, Özbəkistan, Türkiyə, Rumıniya, ABŞ, Macarıstan və digər ölkələr bu addımı beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulması olduğunu bəyanlayıbar.
Bu bəyanatları nəzərə alan Ermənistan hakimiyyəti - nə baş nazir Paşinyan, nə parlamentin sədri Alen Simonyan, nə də Ermənistan prezidenti Vaaqn Xaçaturyan Samvel Şahramanyanı təbrik edib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının yeni başçısı Samvel Şahramanyanı niyə təbrik etmədiyindən danışıb. Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində belə deyib: “Vəziyyət elədir ki, təbrik etmək üçün xüsusi bir şey yoxdur və onun üzərinə çox ağır məsuliyyət qoyulub”.
Paşinyan qeyd edib ki, “beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər”, yəni təbrik etməklə qondarma “seçkini” qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər.
Paşinyan deyib ki, Ermənistan və Qarabağ separatçıları əlaqə saxlamaqda davam edir. "Hesab edirəm ki, vəziyyəti başa düşmək üçün ilk mənbələrdən məlumat almaq vacibdir”. Baş nazir əmin edib ki, onunla Samvel Şahramanyan arasında “çox yaxşı iş atmosferi və qarşılıqlı anlaşma” var.
Millət vəkili Sədaqət Vəliyeva deyib ki, sentyabrın 9-da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri” Ermənistanın ölkəmizə qarşı növbəti təxribatıdır. Bununla da rəsmi İrəvan öz imzasına hörmət etmədiyini, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığını, təxribatlara əl ataraq regionda sülhə təhdid dövlət olduğunu növbəti dəfə göstərmiş oldu. Eyni zamanda dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən də qondarma “prezident seçkiləri” tanınmır, birmənalı şəkildə rədd edilir və bu "seçkilərin" beynəlxalq hüququn norma və prinsiplərinə təmamilə zidd olduğu qeyd edilir: "Şübhəsiz Azərbaycanın İkinci Qarabağ Müharibəsində qazandığı parlaq qələbə, ölkəmizin sürətli inkşafı və dünya miqyasında nüfuzunun günbəgün artması Ermənistanı və onun havadarlarını xeyli narahat edir. Məhz bu təxribatlar da həmin narahatlıqlardan irəli gəlir. Ermənistan hakimiyyəti birmənalı şəkildə anlamalıdır ki, törətdikləri istənilən təxribatın qarşısı Azərbaycan Ordusu və Dövləti tərəfindən qətiyyətlə alınacaqdır. Hər bir təxribata layiqli cavab veriləcəkdir. Biz bunu dəfələrlə sübut etmişik. Maraqlıdır rəsmi İrəvan bilə-bilə ki, təxribatlar onlar üçün ağır nəticələnəcək hansı səbəbdən yenə də təxribatlara əl atır?! Görünür Ermənistan hakimiyyəti öz havadarlarını xalqından üstün tutur və dünyada biabır olmaqdan “xoşlanır”. Artıq Ermənistan iki yoldan birini seçməlidir: Ya maşa dövlət olmağa davam edəcək, təxribatlara əl ataraq hər dəfəsində cəzalanacaq, mövcud böhranları daha da dərinləşdirərək öz sonunun yaxınlaşdıracaq ya da müstəqil dövlət olaraq havadarlarına – onu məhvə aparan qüvvələrə yox deyərək, Azərbaycanın onlara verdiyi tarixi şansı - sülh təklifini dəyərləndirəcək və bununla da mövcud böhranlardan yaxa qurtararaq Ermənistanın inkşafına qərar verəcəklər:
“ Zamansa daralmaqdadır. Yaxşı olardı ki , Ermənistan tərəfi qısa zamanda öz seçimini etsin, tarixi və “Dəmir Yumruğu” unutmasın və səbrimizi yoxlamasınlar!”
Politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana qarşı yeni təzyiq aləti tapıb və sualı belə qoyublar: “Ermənistanın baş naziri Qarabağın yeni prezidenti seçilən Samvel Şahramyanı niyə təbrik etməyib?” Nikol Paşinyan hələ ağlını tam itirməyibsə, Samvel Şahramyanı separatçıların “lideri” seçilməsi münasibətilə təbrik etməməlidir, bu onun sözdə də olsa, “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq” açıqlamasına uyğun olar.
O, qeyd edib ki, Nikol Paşinyan təcili Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək və həmin görüşdə nəsə nəticə əldə etmək istəyirsə, “təbrikdən” imtina etməlidir. Yox əgər Nikol Paşinyan daxildəki və xaricdəki radikalların təzyiqi altında Samvel Şahramyanı separatçıların “lideri” seçilməsi münasibətilə təbrik edərsə, gərək Azərbaycanla münasibətlərin normallaşmasına ümid etməsin: "Bu “təbrik” onun çox qorxduğu toqquşma ehtimalını da artıracaq”.
Siyadi ekspert Asif Nərimanlının fikrincə, Xankəndidəki separatçı rejimin “qondarma” seçkiləri heç bir ölkə tərəfindən tanınmadı, eyni zamanda, bütün beynəlxalq mərkəzlər bu “seçkini” pisləyən bəyanatlar verdilər. Lakin separatçıları narahat edən əsas məsələ rəsmi İrəvanın mövqeyidir.
Qondarma “seçki”də separatçıların yeni “başçısı” seçilən Samvel Şahramanyanı Ermənistan rəsmiləri “təbrik” etməyib: nə baş nazir Nikol Paşinyan, nə parlament sədri Alen Simonyan, nə də hər hansı səviyyədəki bir rəsmi şəxs nəinki təbrik ünvanlamayıb, ümumiyyətlə “seçkilərlə” bağlı mövqe açıqlamayıb;
Bu, Ermənistan işğalçılıq siyasətinin əks olunduğu son 30 illik tarixində ilk belə hadisədir. Bunun iki mümkün səbəbi var: "Birincisi, Ermənistan Qarabağdakı separatçılardan imtina edir və beynəlxalq müstəvidə qınanılan qondarma “seçki” ilə bağlı mövqe sərgiləməkdən çəkinir, eləcə də belə bir mövqenin həm Bakı-İrəvan danışıqlarına vasitəçilik edən tərəflərin xoşuna gəlməyəcəyini, həm də rəsmi Bakının sərt reaksiyasına səbəb olacağını anlayır: hərçənd, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi şifahi olaraq tanısa da, son iki həftədə bunun əksi olan mövqe sərgiləməsi və ərazi iddialarını fərqli formalarda davam etdirməsi məqamı da unudulmamalıdır; bu baxımdan, İrəvanın separatçıları təbrik etməkdən imtina etməsinin arxasında başqa səbəblər də ola bilər;
İkincisi, Xankəndidəki separatçıların yeni “başçısı” Paşinyan hakimiyyəti tərəfindən qəbul olunmur: Araik Arutyunyan keçmiş “Qarabağ klanı”nın üzvü olsa da, rəsmi İrəvan onunla işləyirdi, lakin proseslər göstərir ki, Araikin gedişi, yerinə Şahramanyanın gətirilməsi məsələsi Ermənistan hakimiyyətinin iradəsindən kənar baş verib: burada Rusiya amilinin həlledici rol oynadığı və Qarabağda baş verənlərin İrəvanda hakimiyyət dəyişikliyinə aparan yolun açılması olduğu ehtimalları daha çoxdur; Paşinyana yaxın Samvel Babayanın separatçıların yeni “rəhbərliyinə” qarşı mübarizəsi də Şahramanyanın İrəvanda qəbul edilmədiyi versiyasını gücləndirir; bu baxımdan, İrəvandan “təbrik”in gəlməməsinin arxasında bu amil də dayana bilər".
Asif Nərimanlı onu da qeyd edib ki, Paşinyan separatçıların yeni “rəhbəri” Samvel Şahramanyanı niyə təbrik etmədiyini belə izah edib: “Vəziyyət elədir ki, təbrik etməyin o qədər də mənası yoxdur və onun (Samvelin) üzərinə çox ağır məsuliyyət qoyulub”.
Və qeyd edib ki, “beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər”, yəni təbrik etməklə qondarma “seçkini” qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər.
Erməni baş nazirin açıqlamasını belə oxuya bilərikmi: Şahramanyan üzərinə qoyulan “ağır məsuliyyət”in altında qalacaq və İrəvan Xankəndidəki separatçıların yaxın dövrdə ləğv ediləcəyi perspektivini gördüyü üçün buna uyğun mövqe sərgiləyir. Paşinyanın separatçıların yeni “rəhbərliyi” ilə qarşıdurmada olması da bu yanaşmasında rol oynayan amillərdəndir.
Cavid