Başbuğ MKİ-nin Türkiyə planını açıqladı Siyasət

Başbuğ MKİ-nin Türkiyə planını açıqladı

"15 iyul hadisələrinin məqsədi Türkiyə ordusunun məhv edilməsi idi".
Bunu yerli mətbuata müsahibəsində Türkiyənin keçmiş Baş Qərargah rəisi, atatürkçü general İlkər Başbuğ söyləyib. Onun sözlərinə görə, bu hadisələrin arxasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi dayanıb:
"Tutaq ki, əcnəbi ölkəsiniz, bir ölkədə ordunun varlığından, güclü olmasından milli mənfəətləriniz baxımından razı deyilsiniz. O zaman bu orduya nə edilməsi lazımdır? Türkiyə Silahlı Qüvvələri üçün önəmli olan onun türk millətinin gözündəki etibarıdır. Siz bu etibarı nə qədər məhv edərsinizsə, bir o qədər də ordunun gücünə zərər vermiş olarsınız. Biz bunların hamısını yaşamışıq. Bunu necə edirlər? "Bu ordu terrorla mübarizədə uğur qazana bilmir" deməklə. Hər şey 2007-də Dağlıca hadisələri ilə başladı.
İkinci edilən şey məhkəmə yolu ilə, saxta dəlillərlə, müxtəlif oyunlarla TSQ-ni qruplaşma şəklində göstərib, komandanlarını qruplaşma generalı kimi təqdim edib, həbslərə atmaq idi. Bunun yerinə isə öz adamlarını gətirməli idilər. Bunlar oldumu? Oldu. Amma TSQ-nin etibarına yenə zərər vura bilmədilər. Ərgənəkon, Balyoz, hərbi casusluq davaları… 70 milyonluq xalq dedi ki, mənim ordumla oyun oynanılıb, TSQ bu dəfə də etibarını itirmədi, amma gücünü itirdi. Oyun bu dəfə də tam baş tutmadı.

Üçüncü mərhələdə isə ordunun tam şəkildə çökdürülməsi prosesi başladıldı. Çevrilişə cəhd edilir, provokasiya yaradılır, amma o çevrilişin uğursuz olması üçün kəşfiyyat qurumu kimi bütün tədbirlər görülür. Fətullahın bunun uğurlu olacağına inanıb-inanmaması önəmli deyil. Əsas məsələ onun bir məqamda istifadə edilməsidir. Orduda Gülən camaatının imamları var. Bəs indi o imamlar haradadır?
Aysberqin üstü ilə əlləşirsiniz, amma alt tərəfinə getmirsiniz. Gülənçilərin Amerikadakı kəşfiyyat təşkilatları tərəfindən istifadə edildiyini qəbul etmək məcburiyyətindəsiniz. Bir sözlə, onları çevrilişə məcbur edib, uğur qazanmasına mane oldular. Məqsəd TSQ-ni məhv etməkdir.
Bu gün ordu üçün kritik dönəmdir. TSQ cümhuriyyət tarixinin ən ağır günlərini yaşayır. Söhbət ordunun psixoloji vəziyyəti, motivasiyasından gedir. 15 iyul hadisələrinin də hədəfi bu idi. Suriyaya baxın. Bu məsələdə əsas məqam Suriyadır. Türkiyə bu gün Suriyada nə baş verdiyini nə qədər izləyə bilir? Suriyada baş verənlərə təsir gücünüzün qarşısı alınır. Hazırda Membiç YPG-nin nəzarətinə keçir. Ölkənin şimalında kürd dəhlizinin yaradılması davam edir. Suriyanın şimalında kürd dövlətinin yaradılması prosesi gerçəkləşdirilir".