Zakir Həsənov Moldovanın Azərbaycandakı səfiri ilə görüşüb Siyasət

Zakir Həsənov Moldovanın Azərbaycandakı səfiri ilə görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 25-də Moldovanın Azərbaycandakı səfiri George Leuka ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlərin uzun illər ərzində müxtəlif istiqamətlərdə, o cümlədən hərbi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan-Moldova əməkdaşlığının, xüsusilə hərbi sahədə yeni istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edən müdafiə naziri bunun üçün geniş imkanların olduğunu deyib.
Z. Həsənov regiondakı hərbi-siyasi vəziyyət barədə danışdıqdan sonra səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı işinə töhfə verəcəyinə əminliyini ifadə edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Diplomat isə öz növbəsində ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.