“Mitinqə maksimum 100 nəfər gələcək” Siyasət

“Mitinqə maksimum 100 nəfər gələcək”

Aydın Mirzəzadə: "adikal müxalifət xaricdən aldığı təlimatları yerinə yetirmək üçün mitinqə üstünlük verir"


"Bakı şəhər İcra Hakimiyyəti icazə versə də, Milli Şuranın mitinq keçirməyə hüququ yoxdur".
Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
YAP funksioneri vurğulayıb ki, Seçki Məcəlləsinə görə, yalnız Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınan təşviqat qruplarının referendumla bağlı kütləvi tədbirlər keçirmək hüququ var: "Bu baxımdan hesab edirəm ki, Milli Şuranın 11 sentyabrda mitinq keçirmək hüququ yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti hansısa səbəbdən onların mitinqinin keçirilməsinə icazə verib. Ümid etmək istəyərdim ki, Milli Şura hakimiyyətin onlara qarşı münasibətini yüksək qiymətləndirəcək və mitinqi qanunsuzluq, eyni zamanda hüquq-mühafizə orqanları ilə toqquşma səviyyəsinə çatdırmayacaqlar. Radikal müxalifətin bir qayda olaraq məqsədi hakimiyyətlə toqquşma yaradaraq xaricdə özlərinin döyülən, əzilən, hüquqsuz obrazını yaratmaqdan ibarətdir. Bir daha təkrarlayıram ki, Milli Şuranın Seçki Məcəlləsinə əsasən mitinq keçirmək hüququ yoxdur".
A.Mirzəzadə qeyd edib ki, Azərbaycanda radikl müxalifətin sosial bazası çox zəifdir: "Radilan müxalifətin sosial bazasının olmasından danışmağa dəyməz. Seçki Məcəlləsinə görə, keçirilməsi mümkün olmayan, amma bununla belə keçirilməsinə icazə verilən 11 sentyabr aksiyasına maksimum 100, ən yaxşı halda 200 nəfər gələcək. Çünki həm sosial bazaları yoxdur, həm də cəmiyyət konstitusiyaya əlavə və dəyişiklikləri dəstəkləyir, bunun ölkənin inkişafına yeni mərhələ açacağına inanır".
Milli Şuranın mitinqləri təkbaşına keçirməyə üstünlük verməsinə gəlincə YAP rəsmisi bildirib: "Radikal müxalifət xaricdən aldığı təlimatları yerinə yetirmək üçün mitinqə üstünlük verir. Amma, radikal müxalifətin hər hansı bir birliyindən söhbət etməyə dəyməz. Onlar bir qayda olaraq öz aralarında xarici qrant uğrunda ciddi mübarizə aparır. Ona görə də hər biri qrantın ona verilməsinə çalışır".