Litvalı jurnalistlər Tərtərdəki cəbhə xəttindən material hazırlayıblar Siyasət

Litvalı jurnalistlər Tərtərdəki cəbhə xəttindən material hazırlayıblar

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, "Alkas.lt" internet portalının redaktoru Audris Antanaytis və portalın fotoqrafı Arunas Sartanaviçus cəbhə bölgəsində yerləşən Tərtər rayonunda lentə aldıqları videomaterialı paylaşıblar. Onlar rayonun Şıxarx qəsəbəsində və Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərə baş çəkib, sakinlərlə söhbət edib, müharibənin viran qoyduğu evlər və infrastrukturla yaxından tanış olmaq imkanı qazanıblar. Litvalı jurnalistlər, həmçinin ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış "Marağa 150" abidəsinin qalıqlarına da baxıblar.
Xatırladaq ki, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisinin köçürülməsi və onların bu bölgədə süni surətdə çoxaldılması sonradan Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə nəticələnib. Tərtər Həsənqaya kənd icra nümayəndəliyinin rəhbəri Ilqar Qasımov Litvalı jurnalistlərə məlumat verib ki, Ermənilərin Qarabağa gəlmə olduqları tarixçilərin tədqiqatlarında da öz əksini tapıb. Tərtərdəki "Marağa – 150" abidəsinin tarixçəsi isə ermənilərin Qarabağa köçürüldüklərini sübut edən faktlardan yalnız biridir. Abidə Rusiyailə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə Qarabağda inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda "Marağa – 150" abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb.