f.jpg)
Astan Şahverdiyev: "Qarabağ məsələsi daim belə asılı vəziyyətdə qalmayacaq"
Üzeyir Cəfərov: "Azərbaycan öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun təmin edəcək"
Tamerlan Vahabov: "Prezidentin fikirləri ona dəlalət edir ki, Ermənistanın müstəqil daxili və xarici siyasəti yoxdur"
"Qarabağ məsələsi daim belə asılı vəziyyətdə qalmayacaq. İnanıram ki, problem yaxın gələcəkdə öz həllini tapacaq". Bu sözləri millət vəkili Astan Şahverdiyev deyib. Millət vəkilinin sözlərinə görə, həqiqətən də Qarabağın müstəqiliyinin tanınması istiqamətində Qərbin Azərbaycana təzyiqi birbaşa din və sivilizasiyalar məsələsi ilə bağlıdır: "Bəzi Avropa ölkələrinin Dağlıq Qarabağ münaşiqəsi ilə bağlı mövqeyini öyrəndikdən sonra bu məsələni şərh etmək çətindir. Bu gün xristian ölkələri birmənalı olaraq Ermənistanı müdafiə edirlər. Hətta fikir verin, Roma Papası Bakı səfərində Dağlıq Qarabağ münaqişəsindən heç bir kəlmə belə danışmadı. Hesab edirəm ki, Qarabağ məsələsi daim belə asılı vəziyyətdə qalmayacaq. Prezidentin Dağlıq Qarabağla bağlı son açıqlamasında o sözləri deyərkən hansı hissləri keçirdiyini təssəvvür etmək elə də çətin deyil. Nə sülh, nə də müharibə şəraitində yaşayırıq. Vəziyyət çətin olsa da, inanıram ki, problem yaxın gələcəkdə öz həllini tapacaq".
Hərbi ekspert Üzeyir Cəfərov "hesab edirəm ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çox mühüm mesajlar verdi", - deyə bildirib. Ekspertin sözlərinə görə, dövlət başçsının verdiyi mesajlar Azərbaycan cəmiyyəti tərəfindən çox güclü dəstək alır: "Xüsusən Prezidentin beynəlxalq qurumların Dağlıq Qarabağla bağlı ədalətsiz, Azərbaycanın milli maraqlarına zidd olan mövqe tutmağa səsləməsi fikri hesab edirəm ki, bütün siyasilər, mətbuat, cəmiyyət tərəfindən son dərəcə ölkə başçısına dəstək formasında vüsət almalıdır. Nə mənada? Yəni ölkə rəhbəri onsuz da imkan verməyəcək ki, beynəlxalq qurumlar Azərbaycanın milli maraqlarına ziddi olan hər hansı bir addım atsınlar. Amma Azərbaycan xalqı, ictimaiyyəti, mətbuatı, cəmiyyəti də bu məsələdə ölkə başçısına hərtərəfli dəstək olmalıdır. Birmənalı olaraq ermənilər, Amerika, Rusiya, Fransa da ATƏT-in Minsk qrupunun həmsədrləri kimi başa düşürlər ki, Azərbaycan heç vaxt ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Çünki bu mümkün deyil. Ermənilər bir dəfə öz müqəddəratını həll ediblər və bununla da məsələ bitib. Bundan sonra ermənilərin o xülyalarla yaşaması real olmayacaq və hamısı boş şeylərdir. Ü.Cəfərov əlavə edib ki, prinsip etibarilə Ermənistan cəmiyyətində də başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi onları xeyli inkişafdan saxlayıb: "Bu mənada hesab edirəm ki, ölkə başçısı bir daha erməni cəmiyyətinə, ictimaiyyətinə, xüsusilə beynəlxalq qurumlara bəyan etdi ki, Azərbaycanın Dağlıq Qarabağla bağlı tutduğu mövqe dəyişməzdir. Azərbaycan öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun təmin edəcək".
Ekspert Tamerlan Vahabov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyəcək fikri tamamilə düzgün və realdır. Ekspertin sözlərinə görə, dövlət başçısı Azərbaycanın müstəqil xarici siyasətini yürüdür: "Azərbaycan bir dövlət olaraq bununla öz maraqlarının qorunduğunu qeyd edir. Yəni bu o deməkdir ki, Ermənistan Azərbaycandan fərqli olaraq öz xarici siyasətini həyata keçirə bilmir. İşğalçı dövlət yalnız xaricdən hansısa bir təsir, təzyiq, lobbiçilik, maliyyələşmə və s. kustar metodlarla öz xarici siyasətinə nail olmağa çalışır. Əslində bu çox dərin bir fikirdir. Bu sadəcə Ermənistanın haradansa maliyyələşməsini göstərmir. Cənab Prezidentin fikirləri ona dəlalət edir ki, Ermənistanın müstəqil daxili və xarici siyasəti yoxdur. Təbii ki, bu da danışıqlar, hüquq müstəvisində nəzərə alınmalıdır. Yəni bu, çox vacib məsələdir. Ölkə başçısının söylədiyi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi məsələsinə gəldikdə isə deyərdim ki, bu ölkəmizin hər bir sahəsində öz əksini göstərir. Azərbaycanda həm forumların keçirilməsi, həm də məlum aprel döyüşlərində əldə etdiyi qələbələrdən sonra beynəlxalq təşkilatların ölkəmizə dəstək göstərməsinin şahidi olduq. Nəinki xarici beynəlxalq institutlar, müəyyən dövlətlər tərəfindən hətta Azərbaycana qarşı qərəzli mövqe tutan təşkilatların da fikir dəyişikliyini gördük. Onlar Azərbaycanın ədalətli mövqeyini qəbul etdilər. Ümumiyyətlə aprel əməliyyatları çox uğurlu bir addım idi".
Əli