Ukrayna, Polşa və Litva parlamentləri ortaq bəyannamə hazırlayıb Siyasət

Ukrayna, Polşa və Litva parlamentləri ortaq bəyannamə hazırlayıb

Ukrayna Ali Radası İkinci Dünya müharibəsi ilə bağlı Ukrayna, Polşa və Litva parlamentlərinin həmrəyliyi barədə bəyannamə qəbul edib.

"112 Ukrayna" telekanalının verdiyi məlumata görə, sənəddə İkinci Dünya müharibəsinin başlanmasına görə məsuliyyət nasist Almaniyasının və Sovet İttifaqının üzərinə qoyulur. Bildirilir ki, 1939-cu il avqustun 23-də iki totalitar rejim arasında imzalanmış Ribbentrop-Molotov paktı sentyabrın 1-də müharibənin başlanmasına səbəb olub: "Polşanın Almaniya və SSRİ tərəfindən işğalı və 1940-cı ildə Litva, Latviya, Estoniyanın SSRİ tərəfindən işğal olunması həmin prosesin nəticəsidir. Xalqlarımız ağır repressiyalara məruz qaldı. O hadisələr 1945-ci ildə Yalta qərarlarına də gətirib çıxardı və nəticədə bütün Şərqi Avropa, Mərkəzi Avropa kölələşdirildi. Bu, yarım əsr davam etdi".
Bəyannamədə qeyd olunur ki, hazırda Rusiyanın aqressiv xarici siyasəti, Krımın işğalı, Ukraynanın şərqində silahlı intervensiyanın dəstəklənməsi və həyata keçirilməsi, Ukrayna ilə imzalanmış beynəlxalq müqavilələrin pozulması, Kremlin öz öhdəliklərini yerinə yetirməyərək hibrid müharibə aparması Avropada sülh və təhlüksizliyi təhdiddir.
Ukrayna parlamentinin spikeri Andrey Parubiy bildirib ki, bəyannamə bu gün Polşa Seymi tərəfindən də qəbul olunacaq. Litvada isə sənədi yeni parlament qəbul edəcək.