“Azərbaycan Dünya İqtisadi Birliyinin tamhüquqlu üzvüdür” Siyasət

“Azərbaycan Dünya İqtisadi Birliyinin tamhüquqlu üzvüdür”

Mübariz Əhmədoğlu: "Dünyada gedən iqtisadi proseslər neqativ olanda, bu, Azərbaycana da təsir edir"

Zaur Məmmədov: "Xarici siyasətdə balansı saxlamaq heç də asan deyil"

"Cənab Prezident İlham Əliyev Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü barəsində gedən söz – söhbətlərə aydınlıq gətirib. Bu məsələ tez – tez Rusiyanın ayrı – ayrı KİV-ləri tərəfindən qaldırılır. Aydın məsələdir ki, Azərbaycan nə Qərbi, nə də Rusiyanı qıcıqlandırmaq istəmir. Xarici siyasətimiz manevrlər əsasında davam etməkdədir". Bunu politoloq Zaur Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan kimi çox çətin regionda yerləşən dövlət üçün xarici siyasətdə balansı saxlamaq heç də asan deyil: "Prezident öz çıxışında qeyd edib ki, Azərbaycanın ayrı – ayrılıqda Avrasiya İttifaqına üzv dövlətlər ilə ikitərəfli iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığı yüksək səviyyədədir və hələlik bu İttifaqa üzv olmaq üçün ehtiyyac görünmür. Lakin, əgər İttifaq daxilində müəyyən problemlər aradan qaldırılsa, ittifaq cəlbedici məkan kimi bizi cəlb etsə, o zaman Azərbaycan Avrasiya İttifaqı haqqında düşünə bilər". Z. Məmmədov əlavə edib ki, Prezident əslində Avrasiya İttifaqına qoşulmaqda iqtisafi faydanın görməməsindən bəhs edir: "Bugün üçün doğurdan da belə bir inteqrasiya blokuna qoşulmağın Azərbaycan üçün nə siyasi, nə də iqtisadi xeyiri ola bilər. Avrasiya İttifaqı Azərbaycana nə verə bilər? Rusiya, Belarusiya və Qazaxıstan arasında iqtisadi inteqrasiyadan söhbət gedirsə, bu başadüşüləndir. Bu dövlətlər arasında sənaye kooperasiyasının səviyyəsi istənilən səviyyədədir. Lakin, iş orasındadır kı, Azərbaycanın iqtisadiyyatı tamam başqa sahəyə əsaslanıb. Neft – qaz ölkəsi olan Azərbaycanın iqtisadiyyatının əsasını Avropaya gedən kəmərlər təşkil edir. İstər kəmərlər, istərsə də ipək yolu ilə ticari əməkdaşlıq, dəmir yolları və s kimi sahələr Rusiyadan yan keçməklə Qərbə üz tutur. Eyni zamanda, Rusiya ilə Qazaxıstan və Belarusiya arasında kommunikasiya və iqtisadiyyatın bir – birindən bağlılığı məsələsində yetəri qədər asıllılıq var".
Politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, Azərbaycan prezidenti "Sputnik" agentliyinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) haqqında sualını çox aydın şəkildə cavablandırdı. Bugünkü reallıqlar çərçivəsində Azərbaycanın Aİİ-yə üzv olmaq niyyəti yoxdur: "Azərbaycan özünü təmin edən, öz müstəqil siyasətini quran dövlətdir. Müstəqil siyasətini aparmaq imkanına malikdir". Politoloq bildirib ki, biz öz müstəqil siyasətimizi aparmaqdan ötrü başqa bir dövlətdən, strukturdan asılı deyilik: " İndi qurduğumuz iqtisadi inkişaf modeli , siyasi inkişaf modeli , ümumilikdə cəmiyyətin inkişaf modeli müstəqillik illərində topladığımız təcrübəyə əsaslanır. Biz Azərbaycan dövlətinin müstəqil inkişafının baza parametrlərini dəyişmək niyyətində deyilik".
M. Əhmədoğlu bildirib ki, diplomatiyanın belə bir qaydası var, heç vaxt yox demə. Ölkə prezidenti diplomatiyanın həmin prinsipini əsas götürdü. Politoloqun fikrincə, Prezident ona görə dedi ki, şərait dəyişərsə, üzvlük məsələsinə baxa bilərik: "Azərbaycan zərrə qədər də şərait dəyişməsinin arzusunda deyil. Öz siyasətimizlə indiki şəraiti çox gözəl uyğunlaşdırmışıq. Hansısa iqtisadi katastrof baş verərsə, neft tükənərsə və ya insanlar iş qabiliyyətini itirərsə, biz gedib hansısa təşkilata üzv olarıq ki, orada daha yaxşı iqtisadi şərait yaradaq".
Politoloq qeyd edib ki, Azərbaycan Dünya İqtisadi Birliyinin tamhüquqlu üzvüdür: "Azərbaycan dünyada gedən iqtisadi proseslərə öz töhfəsini verir. Dünyada gedən iqtisadi proseslər neqativ olanda, bu Azərbaycana da təsir edir. Biz dünya birliyinin tərkib hissəsiyik".
M. Əhmədoğlu hesab edir ki, bizim cəmiyyətin daxilində Azərbaycanın Aİİ, KTMT-yə üzv olması ilə bağlı səslənən fikirlər dövlətimiz üçün zərərli fikirlərdir: "Bəzi siyasətçilər var ki, deyirlər ki, Azərbaycan KTMT-yə, Aİİ-yə üzv olsa, Qarabağ məsələsi həll olunacaq. Yanlış siyasətdir. Bu fikirlər əksinə Rusiyada müəyyən qrupları şirnikləşdirir ki, Azərbaycanı əvvəlcə Aİİ-yə, KTMT-yə üzv etsinlər, sonra Qarabağ məsələsinə baxsınlar. Yəni Qarabağ məsələsində Rusiyada müəyyən qrupların mövqeyi dəyişmir. Onlarda əlavə iştah yaradır ki, Azərbaycanı Aİİ və KTMT-yə üzv etsinlər".
Politoloq əlavə edib ki, Ermənistan adıçəkilən hər iki təşkiatın üzvüdür: "Aİİ-yə üzv olmaq Ermənistanın hansısa problemini həll edibmi? Qazaxıstan Aİİ və KTMT-nin də üzvüdür. Nursultan Nazarbayev çox mahir siyasətçidir. O imkan vermir ki, Rusiya-Qazaxıstan arasında problemlər görünsün. Lakin Qazaxıstanın Rusiyya, Rusiyanın Qazaxıstana son 2 ildə embarqo təyin etdiyi vaxt olub".
M. Əhmədoğlu bildirib ki, Belarus KTMT və Aİİ-nin üzvüdür. Amma Rusiya qazın qiymətini 20 dollar ucuzlaşdırmaq istəmir və 6 aydır ki, danışıqlar gedir: "Belarus Azərbaycandan 200 milyon dollar pul istədi ki, Rusiyanın borcunu qaytarsın". M. Əhmədoğlu sonda deyib : "Qarabağ münaqişəsi kontekstində KTMT və Aİİ-yə üzv olmağımız bizim vəziyyətimizi ağırlaşdıracaq. Azərbacanın bloklara qoşulmamaq siyasəti aparır. Azərbaycan üçün dünyada ən vacib qurum BMT-dir. Ondan sonra Qoşulma Hərəkatıdır".