“Freedom House”un amacı Siyasət

“Freedom House”un amacı

Arzu Şirinova

Azərbaycan müstəqillik qazanandan bu yana, yəni 25 il müddətdə bəzi beynəlxalq təşkilatların bir amacı olub-"siyasi məhbus" adı altında insan haqlarını "qorumaq". Həmin beynəlxalq təşkilatlardan qrant alanlar da bu amaca qulluq ediblər və edirlər. Kimlərdir onların müdafiə etdikləri "siyasi məhbuslar"?
Əlikrəm Hümbətov- bir vaxtlar Azərbaycanı parçalayıb Talış Muğan Respublikası yaratmaq üçün silahlı dəstənin başında duran. Azərbaycanın parçalanmasını istəyən bu adam əfv olundu. Sonra nə etdi? Hollandiyaya gedib oradan indi də Azərbaycanı təhdid edir. Hər il Ermənistana gəlib onlarla işbirliyi qurur.
Leyla və Arif Yunuslar-cütlüklər bu illər ərzində "siyasi məhbus" adı altında alverlə məşğul olublar. Onlar da cəzalarına görə həbs olundular, sonradan azad edildilər. İndi də xaricə gedib yenə də Azərbaycanda "siyasi məhbus" qalmaqalı yaradan və siyahı tərtib edib məlum təşkilatlardan pul alanların önündə gedənlərdəndi.
Nardaran hadisələrində həbs olunanlar-onlar Azərbaycan dövlətinin qanunlarına tabe olmayaraq böyük bir kəndi cəhalət yuvasına çevirmişdilər. İranın təsiri altında olan bu qüvvələr neçə illərdir Nardaranda bələdiyyənin formalaşmasına mane olurlar. Bir sözlə, dövlət içində dövlət yaradıb öz cəngəllik qanunlarıyla idarə etmək istəyirdilər. Azərbaycan hakimiyyəti isə bu qanunsuzluğa son qoydu və dövlətçiliyin əleyhinə olanları həbs elədi. Artıq onların məhkəməsi aparılır. Sözsüz ki, layiqli cəzalarını alacaqlar.
Bu günlərdə beynəlxalq insan haqları təşkilatı "Freedom House" Azərbaycan hökumətini Nardaran hadisələrində həbs olunanları-dövlət içində dövlət yaratmaq eşqinə düşənləri və digərlərini "siyasi məhbus" kimi təqdim edən hüquq müdafiəçiləri Elçin Sadıqov və Fariz Namazlının təqibinə son qoymağa çağırıb. Təşkilatın yaydığı bəyanatda deyilir:"Azərbaycan hökuməti siyasi məhbusları müdafiə etməyə və hökumətin qanunsuz fəaliyyətinə diqqət çəkməyə cəsarət edən vəkillər Elçin Sadıqov və Fariz Namazlıya qarşı böhtan və hədə kampaniyasını dayandırmalıdır".
Onlara qarşı hansı böhtanın və hədənin getdiyindən məlumatsısam. Əgər belə bir məsələ varsa bunu da təqdir etmirəm. Ancaq onu da təqdir etmirəm ki, beynəlxalq insan haqları təşkilatı "Freedom House" onların işinə yarayan insanlarla bağlı-Leyla və Arif Yunuslar, Xədicə İsmayıllar və bu kimi "siyasi məhbus" alverçilərilə bağlı hər hansı məsələ olanda bəyanat verir. Eyni zamanda, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edir. Bəli, Azərbaycanda insan haqqları pozulub. Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq insan elindən-obasından didərgin düşüb. Bu insanların haqları, hüquqları ilə bağlı "Freedom House" və buna bənzər beynəlxalq təşkilatlar bir dəfə də olsun hesabat hazırlamayıblar, onların haqlarını müdafiə etməyiblər. Çünki bu insanların haqlarını qorumaq onların maraq dairəsində deyil. Qorusalar o zaman Ermənistan cəzalana bilər-bütün mənalarda.
Beynəlxalq insan haqları təşkilatı "Freedom House" və bu sayaq təşkilatlar yalnız o kəslərin haqlarını qoruyurlar ki, sözlərini deyir, əmrlərini yerinə yetirir. Belə əmr qullarının isə sayları və adları bəllidir....