Terrorizmin bənnası – Fransa Siyasət

Terrorizmin bənnası – Fransa

Birləşmiş Ştatların Hüquq Departamenti Fransanın inşaat materiallarının istehsalı üzrə nəhəng şirkətlərindən olan “Lafarge” və onun Suriyadakı törəmə müəssisəsi “Lafarge Sement Zavodu”nun (LSZ) İŞİD və “Əl-Nüsra Cəbhəsi” terror təşkilatları ilə işbirliyi haqqında məhkəmə istintaqı materiallarının bir hissəsini hələ 2022-ci il oktyabrın 18-də ictimailəşdirib.

Qeyd edim ki, “Lafarge” şirkətinin və onun Suriyadakı törəmə müssisəsinin təmsilçiləri məhkəmə prosesində İŞİD və “Əl-Nüsra Cəbhəsi” ilə əməkdaşlıq etdiklərini və sözügedən terror təşkilatlarına “vergi” ödədiklərini etiraf ediblər və bu əməllərinə görə 778 milyon ABŞ dolları məbləğində cərimə olunublar. Məhkəmə prosesinin ən maraqlı tərəfi isə, İŞİD-lə əməkdaşlıq edən şirkət təmsilçilərinin şərti cəzaya məhkum edilmələridir. Bunun səbəbi isə, çox güman ki, Fransa Prezidenti Emmanuel Makronun “Lafarge” şirkətini himayə etməsidir. Çünki “Lafarge” şirkətinin və onun Suriyadakı törəmə müəssisəsinin İŞİD və “Əl-Nüsra Cəbhəsi” terror təşkilatları ilə işbiurliyində olduğu zaman kəsiyində Makron Fransua Ollandın adminstrasiyasında çalışıb və maliyyə, vergi, büdcə, Fransanın xaricdəki sərmayələri və digər bu kimi istiqamətlərə nəzarət edib.

“Lafarge”nin İŞİD və “Əl-Nüsra Cəbhəsi” terror təşkilatları ilə əlaqələrində nəzərə çarpan qaranlıq məqamların sayı isə yetərincədir və sadəcə, “Lafarge”nin Suriyanın şimalında – həmin dövrdə İŞİD-in nəzarətində olan Calabiyə rayonundakı sement zavodunun fəaliyyətinə “icazə” verilməsi, zavodun əməkdaşlarının “təhlükəsizliyinin təmin edilməsi” ilə yekunlaşmır. “Lafarge” ilə İŞİD və “Əl-Nüsra” arasında əldə olunan razılaşmaya, sözügedən terror təşkilatlarının Lafarge Sement Zavodunun rəqiblərini sıradan çıxartmaq missiyası da daxil edilib və 2013-2014-cü illərdə İŞİD və Əl-Nüsra terror təşkilatları nəzarət etdikləri ərazilərdə digər ölkələrdən, o cümlədən Türkiyədən müxtəlif yollarla gətirilən və daha ucuz qiymətə ticarət edilən sementin satışını da qadağan ediblər. Təxminən 2 il ərzində “Lafarge” bütün bu qanunsuz əməllərindən, etiraf olunan göstəricilərə görə 70,3 milyon ABŞ dolları qazanıb. İŞİD və “Əl-Nüsra”nın “qazancı” isə, təxminən 14 milyon ABŞ dolları təşkil edib.

Bundan əlavə, istintaq materiallarında “Lafarge”nin 2013-cü ilin avqustundan 2014-cü ilin oktyabrınadək, sement zavoduna xammalın daşınmasına maneə yaradılmaması üçün İŞİD və “Əl-Nüsra”ya 5,92 milyon ABŞ dolları, sözügedən terror təşkilatları ilə danışıqlar aparan “vasitəçilər”ə isə 1,11 milyon ABŞ dolları ödədiyi bildirilir.

Mənbə: https://www.justice.gov/opa/pr/lafarge-pleads-guilty-conspiring-provide-material-support-foreign-terrorist-organizations