“Avropa İttifaqı Azərbaycanla hərtərəfli əlaqələrin qurulmasını istəyir” Siyasət

“Avropa İttifaqı Azərbaycanla hərtərəfli əlaqələrin qurulmasını istəyir”

Qabil Hüseynli: "Bir müsəlman ölkəsinin onunla yaxın əməkdaşlıq münasibətində olması çox mühüm göstəricidir"

"Avropa İttifaqı ilə Azərbaycan arasında ciddi yaxınlaşma prosesi gedir. Azərbaycanın Avronest Parlament Assambleyasında fəaliyyətini bərpa etməsi müsbət hadisələrin başlanğıcıdır". Bunu politoloq Qabil Hüseynli Avropa İttifaqı Şurası tərəfindən Azərbaycanla yeni saziş üzrə danışıqlara başlanması üçün mandat verilməsini şərh edərkən deyib. O bildirb ki, bu yaxınlarda Aİ-dən gəlmiş nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və onlarla açıq, prinsipial danışıqların aparılması bu işlərin xeyrinə oldu: "İndi artıq Aİ Azərbaycanla danışıqların aparılması və hərtərəfli əlaqələrin qurulması istiqamətində adımlar atmaq niyyətindədir. Aİ üçün bir müsəlman ölkəsinin onunla yaxın əməkdaşlıq münasibətində olması çox mühüm göstəricidir. Son zamanlar Türkiyə ilə münasibətlərin zəifləməsi, hətta qırılma nöqtəsinə gəlib çatması, başqa bir müsəlman ölkəsi üçün əlaqələrin qurulmasına təkan verdi. Azərbaycanın bu işə razılıq verməsi çox müsbət hadisədir. Çünki bölgədə formalaşmaqda olan geosiyasi vəziyyət, xüsusilə Rusiyanın Ermənistanla əlaqələrini hərtərəfli inkişaf etdirməyə başlaması Azərbaycanı məcbur edir ki, özünə yeni tərəfdaşlar və müttəfiqlər axtarışına çıxsın".
Politoloq hesab edir ki, Aİ təkcə bir siyasi qurum kimi yox, həm də yaxşı bir ticarət ortağı kimi Azərbaycanla münasibətlərin möhkəmlənməsinə böyük töhfə verə bilər: "Üstəlik ölkəmiz neftinin böyük hissəsini Avropa bazarlarına çıxarır, Azərbaycanın gələcək qaz ehtiyatlarının əsas alıcısı məhz Aİ ölkələri olacaq. Rusiyanın qazı var, yeni qaz kəmərləri çəkir, amma alıcısını tapa bilmir, Azərbaycan hələ qaz xəttini çəkməkdədir və qaz gələn ilin sonundan Avropaya ötürülməyə başlayacaq, lakin artıq bütün alıcıları hazırdır. Beləliklə, Aİ ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşması ölkəmizə gələcək münasibətlərə, xüsusilə öz qazını Avropa bazarlarına göndərməsinə indidən yaşıl işıq yandırır. Mən bu mandatın verilməsindən sonra aparılacaq danışıqların hər iki tərəf üçün əhəmiyyətli olacağına inanıram".