“Rusiyadan alınan silahlarla…” Siyasət

“Rusiyadan alınan silahlarla…”

Arzu Nağıyev: "Siyasi şoular yaradan Sarkisyan və komandası populist çıxışlar edirlər"

"Ermənistan prezidentinin "Bakıya zərbə endirə bilərik" kimi qeyri-ciddi bəyanatlar dəfələrlə səsləndirilib. Bunu tək Sarkisyan deyil, erməni-daşnak ordusunun bəzi hərbçiləri də məlum aprel hadisələri vaxtı deyirdilər. Hədəf kimi, Bakı, Mingəçevir su anbarı və s. göstərilirdi. Bu bəyanatlarda əsas məqsəd guya ki, erməni tərəfinin müasir silahlara malik olması və yaxud işğalçı ordunun "yüksək səviyyəli" təhcizatından gedir. Son vaxtlar Rusiyadan alınan silahlarla siyasi şoular yaradan Sarkisyan və onun komandası da bu ənənəyə sadiq qalaraq belə populist çıxışlar edirlər". Bu fikirləri Politoloq Arzu Nağıyev səsləndirib. O bildirib ki, Sarkisyan son müsahibəsində bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları ilə bağlı bəyanatlar verdi: "Bununla yanaşı Dağlıq Qarabağ münaqişəsinin həllinin iki yolu olduğu, guya "Ermənistana birləşdirilməsi" və ya "müstəqil dövlət" kimi tanınması ilə ola biləcəyini deyirdi. Təbii ki, bu açıqlamalar ancaq və ancaq səhra komandiri olmuş və Dağlıq Qarabağ münaqişəsi üzərindən özü kimiləri ilə birlikdə Ermənistanda hakimiyyəti zəbt edən Sarkisyan kimilərinə məxsus ola bilər. Təbii ki, o başqa bəyanat verə də bilməz. Çünki istər beynəlxalq hüquq normalarına uyğun, istərsə də diplomatik yolla bu məsələ ancaq danışıqlar yolu ilə həll oluna bilər. Yəni bu bir növ ATƏT-ə və digər missiyalara yarınmaq üçün deyilən sözlərdir və bunun da etdikləri əməllərlə heç bir məntiqə sığışmadığı göz qabağındadır".
O əlavə edib ki, Sarkisyan və onun havadarları apreldə belə sarsıdıcı zərbə alacaqlarını gözləmirdilər: "Çünki düşünürdülər ki, Rusiya ordusu onları müdafiə edəcək və beynəlxalq ictimaiyyət Azərbaycana təpki göstərəcək. Əslində isə proseslər bunun tam əleyhinə oldu. Dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, haqq işini təqdir etdi, Rusiya isə Azərbaycanın öz ərazilərində keçirdiyi antiterror əməliyyatına qarşı çıxmadı. Bütün bunlar isə Ermənistan hakimiyyətinin birbaşa Sarkisyanın daxili və xarici siyasətinə ciddi zərbə vurdu və erməni daşnak ordusu haqqında mifi sındırdı. Ermənistan əhalisi başa düşdü ki, Azərbaycan tərəfi öz torpaqlarını təmizləməkdə israrlıdır, bunu etmək iqtidarındadır və gec-tez buna nail olunacaqdır. Məhz bu faktorlara görə də Ermənistan hakimiyyəti öz müqəddarıtından qorxdu və nəyin bahasına olursa-olsun hakimiyyət müddətini saxlamağa və bununla da Dağlıq Qarabağda status-kvonun belə qalmasını arzulayır".