Niyə “İslam həmrəyliyi ili”? Siyasət

Niyə “İslam həmrəyliyi ili”?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili ölkəmizdə "İslam həmrəyliyi ili" elan edib. Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
2017-ci ilin ölkəmizdə "İslam həmrəyliyi ili" elan olunmasını şərh edən siyasi ekspert Arzu Nağıyev bildirb ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün ən prioritet istiqamətdir və İslam həmrəyliyi burada vacib meyar ola bilər.
"Burada əsas məsələ IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi və ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsidir. Eyni zamanda Avropa Oyunlarından sonra bu tədbirin Azərbaycanda keçirilməsi tolerantlıq və multikultural dəyərlərin sübutu kimi başa düşülməlidir.
Eyni zamanda İslam Hərbi Alyansı adlanan qurumda 34 islam dövlətinin yaratdığı bir hərbi blokda Azərbaycan öz təmsilçiliyi ilə terrora qarşı mübarizədə iştirakını təmin edə bilər. Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olması və münasibətlərinin müsbət məcrada inkişafı dövlətin xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir", -deyə ekspert vurğulayıb.
Arzu Nağıyev vurğulayıb ki, İslam aləmində həmrəylik ən vacib amildir: "Ölkə başçısı Nazirlər Kabinetinin iclasında vurğuladı ki, İslam aləmi üçün ən böyük təhlükə elə islam aləmindən gəlir. Cənab Prezident məhz bir sıra müsəlman dövlətlərinin ərazilərində yaradılaraq vasitə kimi istifadə edilən terror təşkilatlarının və onların həyata keçirdikləri terrorun, təxribatların məhz radikal islam adı altında keçirildiyini nəzərdə tutur. Məhz bunun qarşısının alınması üçün və İslam adından istifadə etməklə törədilən qanunsuzluqları aradan qaldırmaq məqsədilə həmrəylik ən vacib amil kimi götürülməlidir. Bu işdə Azərbaycandakı tolerantlıq və multikultural mühit bir etalon kimi bütün islam dünyasına transfer edilə bilər".