“Rusiya çox aqressivləşib” Siyasət

“Rusiya çox aqressivləşib”

Qabil Hüseynli: "Dağlıq Qarabağ məsələsində Bakıdan prinsipial güzəştlər qoparmaq niyyətindədir"

"Danışıqlar prosesində kompromisə gəlmək xeyli müşkül görünür". Bu sözləri açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Rusiya bütün danışıqlar prosesini öz inhisarına almağa çalışır:
"Çünki ATƏT-in Minsk Qrupu prosesdən demək olar ki, uzaqlaşdırılıb, həmsədrlər məsələyə aktiv surətdə müdaxilə edə bilmirlər. Görünür, xarici işlər nazirləri səviyyəsində baş tutan Moksva görüşü uğurlu keçməyib. Rusiya problemin həllinə bu cür yanaşmağa davam edərsə, yaxın müddətdə hər hansı perspektivlər görünmür. Düzdür, xarici işlər nazirlərinin yenidən Avropa şəhərlərindən birində görüşü gözləniləndir, ancaq rəsmi Bakı gündəlikdəki məsələlərdən xəbərdardır və bundan narazılığını ifafə edib. Rusiya mətbuatından belə aydın olur ki, Kazan protokolunu yenidən gündəmə gətirmək və danışıqların predmeti etmək niyyətindədirlər. Rusiya bütünlüklə həm danışıqlar, həm də sülhyaratma və daha sonra Dağlıq Qarabağın statusunun həlli prosesini öz inisarına almış kimi görünür. Azərbaycanlıların geriyə qaytarılmasına vurğu edilir, ancaq refendum məsələsi bu işin önünə keçib. Azərbaycan referendum məsələsində öz prinsipial mövqeyini ortaya qoyub. Referendum yalnız bütün Azərbaycan üzrə keçirilməlidir".
Politoloq hazırda rayonların qaytarılmasında da çox təzadlı fikirlərin səsləndiyini deyib:
"Əvvəlcə 5, sonra isə 2 rayonun xüsusi statusla eyni vaxtda həlli məsələsi qoyulurdusa, indi vəziyyət bir qədər dəyişib. Görünür, Moskva yeni prinsiplər icad etməyə başlayıb. Zənnimcə, Rusiya çox aqressivləşib və Dağlıq Qarabağ məsələsində Bakıdan prinsipial güzəştlər qoparmaq niyyətindədir. Prezident də son çıxışında məhz buna eyham vuraraq ölkəmizə qarşı olan təhddilərdən danışdı və ərazimizdə ikinci erməni dövlətinin yaradılacağına imkan verilməyəcəyini vurğuladı. Bütün bunlar göstərir ki, Rusiya Ermənistanda refendum keçirməklə Dağlıq Qarabağın müstəqil statusuna nail olmaq fikrindədir. Moskvanın birdən-birə fəallaşmasının əsas səbəbi də budur. Buna görə də danışıqlar prosesində kompromisə gəlmək xeyli müşkül görünür".