Prezidentin sərancamı alqışlanır Siyasət

Prezidentin sərancamı alqışlanır

Hadi Rəcəbli: "Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi cəmiyyətin gözlədiyi qərarlardan biri idi"

Zahid Oruc: "Bu təyinat bundan sonrakı dönəmdə islahatların daha dinamik xarakter almasına səbəb olacaq"

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib.
Xatırladaq ki, 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsində qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklərə əsasən, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
Birinci vitse-prezident və onun ailəsi dövlət hesabına təmin edilir. Birinci vitse-prezidentin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezidenti seçkiləri keçirilir və bu halda yeni prezident seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini birinci vitse-prezident icra edir. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən birinci vitse-prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edir.
Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula, cinayət məsuliyyətinə cəlb edilə, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala və şəxsi müayinə edilə bilməz.
Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsini cəmiyyətin gözlədiyi qərarlardan biri olduğunu deyib:
" Mehriban xanımın ictimai-siyasi həyatdakı yeri və ruhu göz önündədir. Onun qəlbi xalqla döyünür. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti olduğu dövrdə bir sıra məktəblərin tikintisində, digər xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsində böyük fəallıq göstərib. Xəstə uşaqların sosial müdafiəsində, sosial evlərin bərpasında, gənc ailələrə çox böyük dəstək göstərib və hər zaman xalqın yanında olub. Həmçinin cəmiyyətin çox böyük ehtimadını qazanıb. Mehriban xanım Milli Məclisin deputatı olaraq, dəfələrlə əfv təşəbbüsləri ilə çıxış edib. Bununla da yüzlərlə ailəyə xoşbəxtlik və sevinc gətirib. Həmçinin Mehriban Əliyevanın beynəlxalq aləmdə yeri, nüfuzu və çıxışları göz önündədir. Ölkəmizdə nüfuzlu idman oyunlarının keçirilməsi bir daha göstərdi ki, Mehriban xanım çox təşkilatçı bir insandır. Yüksək təşkilatı keyfiyyətlərə malik olan liderdir".

Komitə sədri həmçinin qeyd edib ki, Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi ilə onda olan bütün keyfiyyətləri özünü daha qabarıq şəkildə göstərməyə imkan yaradacaq:"Həmçinin, cənab Prezidentimizə ən sədaqətli insanlardan biri kimi hakimiyyətin möhkəmlənməsi üçün xüsusi rol oynayacaq. Eləcə də ölkəmiz və millətimiz üçün daha da yaxşı işlərin keçirilməsi üçün cənab Prezidentə köməklik edəcək. Mehriban xanımın birinci vitse-prezident təyin edilməsi Prezidentin gərgin fəaliyyətinin bölünməsinə kömək edəcək. Bu gün ölkəmizdə çox böyük işlər və islahatlar aparılır. Mehriban xanım müasir düşüncəsi və dünyagörüşü ilə bu islahatların keçirilməsində cənab Prezidentə yardım göstərəcək. Həmçinin hər zaman şahidi oluruq ki, Mehriban xanım Prezidentin daim yanında olaraq bütün tədbirlərdə iştirak edib. Onun iş metodunu, Azərbaycançılıq ideyalarını çox yaxşı bilir".
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə diqqətə çatdırıb ki, Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsi çox yaxşı haldır: "Bu xəbəri çox xoş qarşıladım. Mehriban xanım Azərbaycan maraqlarını daim dünyada təmsil edib. Bundan sonra da belə olacaq. Hesab edirəm ki, Azərbaycanda birinci vitse-prezident postuna ən layiqli şəxs gətirilib".
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Mehriban xanım uzun müddətdir Azərbaycan maraqlarını dünyanın bir çox ölkələrində təmsil edib, həm də Milli Məclisin deputatı kimi, UNESCO-nun səfiri kimi bunun şahidi olmuşuq: "O cümlədən mötəbər tədbirlərdə yaranan komitələrin rəhbəri olub. Azərbaycan mədəniyyətinin tanınmasında, Azərbaycan xalqının maraqlarının müdafiə olunmasında xüsusi xidmətlər göstərib, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünya ölkələrində maraqlarımızı təmsil edib. Mehriban xanımın birinci vitse-prezident təyin olunması çox yerində və zəruri olan bir addımdır".
Millət vəkili Zahid Orucun sözlərinə görə, Mehriban Əliyevanın birinci vitse-prezident postuna təyinat alması çox mühüm siyasi hadisədir. O bildirib ki, bu təyinat bundan sonrakı dönəmdə idarəçilik sisteminin möhkəmlənməsinə, islahatların daha dinamik xarakter almasına, xüsusən də, müxtəlif hakimiyyət qolları arasında daha çevik əlaqələrin qurulmasına səbəb olacaq: "Doğrudur, Prezidentin həyat yoldaşı olaraq Mehriban xanım ictimai, humanitar, mədəni sferada böyük bir missiyanı həyata keçirirdi. Və o, Azərbaycan mənafeləri üçün bu illər ərzində böyük xidmətlər göstərib və göstərir. Bununla bərabər real vəzifə daşımaq, böyük ictimai məsulliyyəti üzərinə götürmək fərqli bir hadisədir".
Millət vəkili hesab edir ki, M.Əliyevanın birinci vitse-prezident təyin olunması cəmiyyətin bir gözləntisi və belə demək mümkünsə, sosial sifariş idi: "Hesab edirəm ki, bu qərarla cəmiyyətin gözləntiləri doğrultdu. Cəmiyyət Mehriban Əliyevanın bu təyinatını yüksək dəyərləndirəcək və bunu çoxdan gözlənilən qərar kimi qiymətləndirəcək". Z. Oruc əlavə edib ki, biz qarşıdakı dönəmdə digər vitse-prezidentlərin təyin olunması ilə ölkədə daha çevik qəraların alınması və onun qısa zaman ərzində icrasının şahidi olacağıq.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Cənab prezidentin bu təyinatını alıqşlayıram. Bu qərar çox vacib və Azərbaycan tarixində ən mühüm addımlardan biridir. Onsuz da hörmətli Mehriban Əliyeva bu vəzifəyə ən layiqli şəxs idi. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm", - deyə vurğulayıb. Onun sözlərinə görə, əgər indiyə kimi, Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən layihələr əsasən təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman sahələrini əhatə edirdisə, şübhəsiz ki, bundan sonra daha çoxşaxəli olacaq: " Hamı Mehriban xanımın simasında təkcə ictimai xadim deyil, həm də köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır olan etibarlı dayaq, doğma insan görür. Azərbaycan ictimaiyyəti Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Bu təyinat münasibətilə onu təbrik edirəm".
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirb ki, Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması çox vacib və düzgün qəbul edilmiş qərardır: "Bu təyinata görə, cənab Prezidentə təşəkkür edirəm". Onun sözlərinə görə, Mehriban xanım özünün hərtərəfli və yorulmaz fəaliyyəti, Azərbaycanı dünyada tanıtmaq üçün gördüyü işlərlə buna haqq edirdi: "Mehriban Əliyeva yaşından, milliyətindən və dini inancından asılı olmayaraq milyonlarla insanın ürəyini çoxdan fəth edib. O, insanalara humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə böyük hörmətə layiqdir. Xeyirxahlıq, mərhəmət və şəfqət kimi anlayışlar Mehriban xanım üçün, həqiqətən də, önəmlidir və onun həyat fəlsəfəsinin ayrılmaz hissəsidir. O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri və İSESKO-nun ilk qadın xoşməramlı səfiri kimi saysız-hesabsız işlər görüb. Mehriban xanım dəstəyə ehtiyacı minlərlə ailəyə, qadına, uşağa kömək göstərərək xeyirxah imic yaradıb. Əminliklə deyə bilərəm ki, Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti olaraq bu vəzifənin də öhdəsindən layiqincə gələcək".