BAXCP-yə çamur atanlar... Siyasət

BAXCP-yə çamur atanlar...

Teyyub Qənioğlu: "Hakimiyyətə gəlmək naminə Dağlıq Qarabağdan vaz keçməyə hazır olanlardır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyası Ali Məclisinin sədri Teyyub Qənioğlunun partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edirik.
-Teyyub bəy, Krım hadisələrindən sonra dünyada yeni situasiya yarandığı və buna görə də ABŞ-nın və Qərb ölkələrinin Dağlıq Qarabağ pobleminin həll edilməsi istiqamətində səylərini artıracağı haqda fikirlər dolaşır. Sizcə, bu fikirlər həqiqətə nə dərəcədə uyğundur?
-Doğrudan da, Krım hadisələrindən sonra dünyada yeni situasiya yaranıb. Bu situasiyanın məğzi ondan ibarətdir ki, dünyada "hüququn gücü" prinsipini "güclünün hüququ" prinsipi əvəz edib. Və bununla yanaşı hərbi və iqtisadi cəhətdən nisbətən zəif ölkələrə, xüsusilə də müsəlman ölkələrinə qarşı, ikili standartların tətbiqi davam edir və bu standartlar həm başda ABŞ olmaqla Qərb ölkələri, həm də Rusiya tərəfindən tətbiq edilir. Krım hadisələrindən sonra ABŞ-ın və Aİ-na daxil olan ölkələrin Rusiyaya münasibəti müəyyən qədər dəyişsə də, bu dəyişikliyin Dağlıq Qarabağ probleminin həllinə baxışda dəyişikliyə uğrayacağını düşünmək sadəlövlük olardı. Unutmaq olmaz ki, əzəli Azərbaycan torpaqlarında yaradılmış müasir Ermənistan məhz ABŞ başda olmaqla Qərb dövlətlərinin və Rusiyanın birgə layihəsidir. Dağlıq Qarabağ məhz Qərb dövlətlərinin gözləri qarşısında, onların gizli dəstəyi ilə Rusiya tərəfində (Ermənistan sadəcə vasitə rolunu oynayıb) işğal olunub. ABŞ işğalçı Ermənistana qarşı deyil, işğala məruz qalan Azərbaycana qarşı sanksiya tətbiq edib. ABŞ indi də strateji müttəfiq adlandırdığı Azərbaycanı deyil, Rusiyapərəst mövqeyinə baxmayaraq, Ermənistanı müdafiə edir. ATƏT-in Minsk qrupunun 20 illik "fəaliyyəti" hər hansı bir bəhrə veribmi? Bütün bunlara görə ABŞ-ın və Qərb ölkəlinin Dağlıq Qarabağ probleminin beynəlxalq hüqüq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyəcəyi haqqında fikirlər həqiqətə uyğun deyil. Sadəcə olaraq Azərbaycana qarşı deyil, Rusiyaya qarşı münasibət dəyişib. İndi Qərbi Avropa ölkələri enerji daşıyıcılarına görə Rusiyadan asılılıqlarını azaltmaq üçün Azərbaycana daha çox möhtacdırlar. Ona görə də, guya Dağlıq Qarabağ probleminin həllinə daha ciddi yanaşacaqları haqda mesajlar verirlər. Amma əminəm ki, bu mesajlar sözdən o yana keçməyəcək.
BAXCP-nin Dağlıq Qarabağ probleminin həllinə dair baxışları dəfələrlə Azərbaycan və dünya ictimaiyyətinin nəzərinə çatdırılıb. BAXCP hesab edir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini beynəlxalq hüquq normalarına uyğun həll etmək iqtidarında deyil, heç buna çalışmır da! ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycanı işğal faktı ilə barışmağa sövq etməyə yönəlib. BAXCP hesab edir ki, Dağlıq Qarabağ problemi bilavasitə Rusiya tərəfindən yaradılıb və onun tərəfindən də idarə edilir. Ona görə də, bu problemin həlli üçün danışıqlar Ermənistanla deyil, Rusiya ilə aparılmalıdır. Rusiyanın Qafqaz bölgəsində maraqları var və Dağlıq Qarabağ problemi bu maraqların təmin edilməsində əsas yer tutur. BAXCP hesab edir ki, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi müqabilində Rusiyanın bölgədəki müəyyən maraqları təmin oluna bilər. Əgər Rusiya ilə danışıqlar bir nəticə verməsə Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad etmək istiqamətində səylərini gücləndirməlidir. BAXCP-nin bu mövqeyi bu günlərdə partiyanın sədri Qüdrət Həsənquliyev tərəfindən bir daha ictimaiyyətin nəzərinə çatdırılıb. Ancaq təsüsüf ki, bəzi üzdəniraq psevdovətənpərvərlər Qüdrət bəyin fikirlərini təhrif etmək yolunu tutublar, onu rusiyapərəstlikdə ittiham etməyə cəhd edirlər. Fikir verin, kimdir bunlar? Bunlar Azərbaycan Avropa Şurasına daxil olanda Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə (!?) həll ediləcəyinə dair öhdəliyə imza atanlardır. Bunlar Rusiyanın bişirdiyi "kababın iyinə" Milli Şura yaradan, ona qoşulan, "kabab iyi" çəkilən kimi oranı tərk edənlərdir. Bunlar prezident seçkilərində Rusiyanın dəstəyini qazanmaq üçün onun xüsusi xidmət orqanları ilə əlaqə qurmağa cəhd edənlərdir. Bunlar hakimiyyətə gəlmək naminə Dağlıq Qarabağdan vaz keçməyə hazır olanlardır. Bunlar "xalq diplomatiyası" adı altında Azərbaycan xalqını işğal faktı ilə barışmağa sövq edənlərdir!
Adında Bütöv Azərbaycan sözü olan bir partiyanın, onun sədrinin ölkəmizin milli maraqlarına zidd hər hansı bir addım atacağını düşünmək siyasi naşılıqdan başqa bir şey deyil.
-Teyyub bəy, Rusiyanın Krımda, Ukraynada, Gürcüstanda Rusiya pasportları payladığı məlumdur. Azərbaycanda da Rusiya pasportlarının paylandığı haqda fikirlər dolaşır. Sizin bu məsələyə münasibətiniz necədir?
-Rusiyanın qonşu ölkələrin vətəndaşlarına Rusiya pasportlarını paylaması gələcəkdə bu ölkələrin daxili işlərinə qarışmaq, istədiyi vaxt Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərin hüquqlarının qorunması adı altında bu ölkələrə soxulmaq üçün bəhanə axtarmaq istəyindən irəli gəldiyi hər kəsə məlumdur. Odur ki, Azərbaycan vətəndaşlarının da Rusiya pasportu almalarına olduqca pis yanaşıram. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan qanunvericiliyində ikili vətəndaşlıq haqqında maddə yoxdur. Qanunda ikili vətəndaşlığı olanlar haqqında hüquqi aktların qəbul edilməsi sahəsində bir boşluq var. Bu boşluğu doldurmaq üçün müvafiq qanunun qəbuluna ehtiyac duyulur. Ona görə də, əgər kimsə Rusiyanın vətəndaşlığını qəbul etmək istəyirsə o, könüllü olaraq Azərbaycan vətəndaşlığından imtina etməli və ölkəmizi tərk etməlidir. Əks halda xarici vətəndaş kimi 90 gündən sonra zorla ölkəmizin ərazisindən çıxarıla bilər.