“Bəzi qüvvələr müsəlmanlar arasındakı həmrəyliyi pozmağa çalışırlar“ Siyasət

“Bəzi qüvvələr müsəlmanlar arasındakı həmrəyliyi pozmağa çalışırlar“

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, iki dövlət arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən baş nazirin müavini bu əlaqələri daha da inkişaf etdirməyin və bu birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Ə.Həsənov aprelin 16-da Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumda hakim Ədalət və İnkişaf Partiyasının qalib gəlməsi ilə bağlı öz təbriklərini çatdırıb. O bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var: "Xalqımızın ümummilli lideri Heydər Əliyev Türkiyə ilə Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi və bu əlaqələrin günbəgün möhkəmlənməsi üçün tədbirlər görürdü. Xüsusilə torpaqlarımız işğal olunan zaman ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün edilmiş humanitar yardımları da heç zaman yaddan çıxartmaq olmaz və burada qardaş Türkiyənin dəstəyi çox böyük olub".
Baş nazirin müavini deyib ki, Prezident İlham Əliyev hər zaman müsəlman ölkələrinin həmrəyliyini, onların bir olmasının vacibliyini qeyd edir: "Bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək. Bəzi dünya dövlətləri daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil".
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi qərara toxunan Ə.Həsənov bunun əsassız və ədalətsiz qərar olduğunu bildirib: "Türkiyə bizə qonşu, qardaş dövlətdir. Qardaş ölkədə güclü islahatlar həyata keçirilir. Beynəlxalq təşkilatlar bu cür ədalətsiz qərar qəbul etdikdə onlara olan inam və etibar demək olar ki itir. Bu cür təşkilatlar əgər düzgün yol tutmasalar onların özlərinə ziyan olacaq. Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü var. 25 ildir ki, bizim problemimiz həll olunmur.Əgər beynəlxalq təşkilatlar qərar qəbul edib onu icra etmirlərsə onda bu kimə lazımdır".
Ə.Həsənov səfirə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, sabahdan başlayacaq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, bu həm idman yarışı olmaqla yanaşaı həm ölkəmizi tanıtmaq, həm də islam həmrəyliyi ilə bağlı keçirilən ən böyük tədbirdir.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qəbula və hərtərəfli məlumata görə minnədarlığını bildirib. Səfir ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən tədbiri qeyd edərək ümummilli lider haqqında xoş sözlərini çatdırıb.
O, AŞPA da Türkiyəyə qarşı ədalətsiz qərar qəbul edilərkən Prezident İlham Əliyev tərəfindən Türkiyəyə göstərilən dəstəyin bütün türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Görüşdə Erkan Özoral Ramazan bayramı ərəfəsində Türkiyənin Qızıl Ay beynəlxalq humanitar təşkilatı tərəfindən ölkədə olan məcburi köçkünlərə yardım edilməsi ilə bağlı bəzi fikirlərini çatdırıb.