Türkiyə səfiri “Xalq Cəbhəsi” qəzetində olub Siyasət

Türkiyə səfiri “Xalq Cəbhəsi” qəzetində olub

Dünən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Xalq Cəbhəsi" qəzetinin redaksiyasında olub.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ziyarətə görə səfir Erkan Özoral təşəkkürünü bildirib və qardaş ölkənin səfirinin Azərbaycan mətbuatına göstərdiyi diqqətdən məmnun olduğunu qeyd edib. Elçin Mirzəbəyli "Xalq Cəbhəsi" qəzetinin yayıma başladığı ilk gündən Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətini və ictimai təşəbbüsləri dəstəklədiyini vurğulayıb.
Ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişafına hər zaman dəstək olacağını bildirən səfir Erkan Özoral "Xalq Cəbhəsi" qəzetinin fəaliyyətini yaxından izlədiklərini diqqətə çatdırıb.
Sonda səfir "Xalq Cəbhəsi" qəzetinin əməkdaşları ilə və redaksiyadakı iş şəraiti ilə də yaxından tanış olub.
Qeyd edək ki, ziyarət zamanı səfiri Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz müşayiət edib.