“ABŞ son illər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük səy göstərmir” Siyasət

“ABŞ son illər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük səy göstərmir”

İlqar Vəlziadə: "Biz istərdik ki, ABŞ münaqişə ilə bağlı real addımlar atsın"

"ABŞ son illər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük səy göstərmir". Bu fikri politoloq İlqar Vəlizadə bildirib. O qeyd edib ki, ABŞ-ın ATƏT-in Minsk qrupundakı sabiq həmsədri Metyu Brayza vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində aktivlik nümayiş etdirmişdi: "Həmin dövrdə Madrid Prinsipləri ərsəyə gəlmişdi, danışıqlar prosesi sürətlənmişdi. Lakin son dövrlərdə belə təəssürat yaranır ki, sanki ABŞ Qarabağla bağlı Rusiyanın ardınca gedir. Yəni ABŞ nəinki təşəbbüskarlıq etmir, Rusiyanın təşəbbüsü ilə keçirilən görüşlərin nəticələrini şərh etməklə kifayətlənir. Biz istərdik ki, ABŞ fəal olsun və konkret təkliflər irəli sürsün, münaqişə ilə bağlı real addımlar atılsın".
Politoloq qeyd edib ki, prinsip etibarilə, Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələdən danışmaq istəyiriksə, ilk növbədə "Azadlığı Müdafiə Aktı"na 907-ci düzəliş ləğv edilməlidir. O vurğulayıb ki, 90-cı illərin əvvəllərindən tətbiq olunan bu düzəlişi yeni seçilən ABŞ prezidentləri qüvvədə saxlayır: "Hesab edirəm ki, 907-ci düzəlişin mövcudluğu Azərbaycanı digər dövlətlərlə qeyri-bərabər vəziyyətdə qoyur. Əgər bu Gürcüstana, Ermənistana qarşı tətbiq olunmursa, Azərbaycana qarşı niyə tətbiq olunmalıdır?"
İ. Vəlizadə bildirib ki, ABŞ-ın Azərbaycanda iqtisadi maraqları kifayət qədər çoxdur: "Fikrimcə, maneələrin aradan qaldırılması ikitərəfli münasibətlərə, siyasi və ticari münasibətlərə də təsir edər. Buna görə də prinsipial addımlar atılmalıdır".