“Almaniya, Fransa, Böyük Britaniya terrordan əziyyət çəkir” Siyasət

“Almaniya, Fransa, Böyük Britaniya terrordan əziyyət çəkir”

Elxan Şahinoğlu: "Hansı ki, PKK Avropa dövlətlərində, xüsusilə də Almaniyada rahat şəkildə xərac yığır"

"Qərb hələ də terror məsələsində lazımi həssaslıq göstərmir".
Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib: "Şübhəsiz, terrorun yaxşısı-pisi yoxdur. Uzun illər erməni terror təşkilatları da Avropa dövlətlərində ciddi terror aktları törədib. Onlar ötən əsrin 70-80-ci illərinin əvvəllərində Avropa dövlətlərində çoxlu sayda türk diplomatı qətlə yetiriblər. Lakin baş verənlər bu dövlətlər tərəfindən ciddi reaksiya doğurmurdu. Əksinə, terrorçular bu ölkələrdəki erməni lobbisindən mənəvi dəstək alırdılar. Erməni lobbisinin dəstəyinə arxalanan qanunverici orqanlar isə Türkiyə əleyhinə qanunlar çıxardırdılar. Bunlar isə həmin dövlətlərin erməni terroruna göz yumması, bəzi hallarda isə dəstək verməsi anlamına gəlir.
PKK terroruna nəzər salın. Bu gün Almaniya, Fransa, Böyük Britaniya terrordan əziyyət çəkir. Hansı ki, PKK Avropa dövlətlərində, xüsusilə də Almaniyada rahat şəkildə xərac yığır, daha sonra yığdığı xəracı Türkiyəyə qarşı mübarizəyə sərf edir. Bunlar "mənə toxunmayan ilan min il yaşasın" prinsipi ilə hərəkət edirlər. Lakin artıq bu "ilan" onları da vurur. Baxın, bu, Londonda qısa zamanda baş verən üçüncü terror aktıdır. Londonda bir müddət İŞİD-ə bağlı radikallara göz yumurdular. Çünki onlar terroru Böyük Britaniyadan kənarda həyata keçirirdilər. Lakin elə ki, İŞİD onun özünü vurmağa başladı, Böyük Britaniya onlarla bağlı kəskin addımlar atmağa başladı.
Həm erməni, həm də PKK terroru dünyanın özünə təhlükədir. Erməni terroru Azərbaycanın sabitliyini pozmağa hesablanıb. Əgər ABŞ və Avropa Azərbaycanı özünə tərəfdaş hesab edirsə, o zaman Azərbaycanın sabitliyində də maraqlı olmalıdır. Bizim ən böyük istəyimiz odur ki, bu ölkələr erməni terroruna həssas yanaşsınlar. Lakin çox təəssüf ki, biz bu həssaslığı görümürük".