Azad nüfuz müvəkkilləri Siyasət

Azad nüfuz müvəkkilləri

Niyaməddin Orduxanlı: "Azərbaycanda radikal müxalifət siyasi hakimiyyətə gəlmək naminə istənilən qüvvələrlə əməkdaşlıq etməyə hazırdır"
Aydın Hüseynov: "Bu, radikalların batmaq ərəfəsində olanın saman çöpündən yapışması halına bənzəyir"

Fransa prezidenti Fransua Ollandın Bakıda Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, REAL Hərəkatının Məclis sədri Erkin Qədirli, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və araşdırmaçı jurnalist Xədicə İsmayılla görüşməsi birmənalı qarşılanmayıb.
Bəzi təhliçlçilər hesab edirlər ki, Fransua Olland üçün siyahını Fransa səfirliyi təşkil edib. Bəziləri isə bildirirlər ki, bu Qərbin siyasi ölülkəri yenidən diriltmək cəhdidir. Bundan başqa görüş orada iştirak edən radikal partiya mənsublarının mediada bir-birini ittiham etməsi ilə də yadda qalıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı "fasebook" sosial şəbəkəsindəki səhifəsində Fransa prezidentinin xüsusilə üç nəfər - Əli Kərimli, Xədicə İsmayıl və Leyla Yunusla görüşməsinin "iqtidara açıq mesaj" olduğunu yazıb: "Bu günə qədər heç bir Avropa ölkəsi prezidenti müxalifət və vətəndaş cəmiyyəti liderləri ilə belə yüksək səviyyədə görüşməyib...".
Fuad Qəhrəmanlının bu fikirləri və görüşdə iştirak etmiş digər şəxslərin, xüsusilə Müsavat başqanı İsa Qəmbərin adını çəkməməsi isə Müsavat başqanının müavini Arif Hacılının etirazına səbəb olub. O, Fuad Qəhrəmanlıdan "Görüşdə iştirak edən digərləri iqtidarın dostudurmu, deyirsiniz?",- deyə, soruşub.
Fuad Qəhrəmanlı isə bildirib ki, o, adını çəkdiyi üç nəfərə qarşı hakimiyyətin daha radikal münasibətdə olduğunu düşünür. Daha sonra isə Qəhrəmanlının sərt ittihamları başlayıb: "Arif bəy, məncə, siz istəyirsiniz, mən deyim ki, İsa bəy nəinki meydanda döyüşmədi, meydana çıxmış tərəfdarlarını meydanda başsız buraxıb düz iki aya yaxın evdən çölə çıxmadı. Heç İsa bəy özü də həmin vaxtlarda meydana çıxmağını iddia etmədiyi, hətta bunun səbəbləri barədə zamanı gələndə danışacağını dediyi halda, siz məsələni bu şəkildə qoymaqla İsa bəyin lazım olan zaman meydanda olmadığını yenidən gündəmə gətirirsiniz? Görünür, İsa bəyin hələ də başqanlıqda qalması sizin səbr kasanızı daşırdığı üçün fənd işlədib rəqibin əli ilə başqanı vurdurmaq istəyirsiniz".
Arif Hacılı isə bildirib ki, Fuad Qəhrəmanlının görüşdə iştirak edənlər arasında ayrı-seçkilik qoymasını qəbul etmir. Fuad Qəhrəmanlının cavabı isə belə olub: "Arif bəy, bilmirəm sizdə haradan o fikir formalaşıb ki, bizə məsuliyyətli olmaq barədə məsləhət verə bilərsiniz. Hər halda sizin belə bir istəyiniz varsa, o zaman özünüzü təkmilləşdirmək üçün AXCP rəhbərliyində təmsil olunan intellektualların yardımından istifadə edə bilərsiniz. Hər halda təmsilçisi olunduğunuz partiyanın hazırkı durumuna diqqət yetirəndə sizin məsləhətçi kimi çıxış etməyiniz özünüzə qarşı antirekalam kimi görünür. Bunu da dost məsləhəti sayın".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirdi ki, Fransanın maraqlarına kim daha çox xidmət edirsə, kim onların fikirlərini ifadə edirsə, məhz o insanlarla əməkdaşlıq edirlər: "Azərbaycanda radikal müxalifət siyasi hakimiyyətə gəlmək naminə istənilən qüvvələrlə əməkdaşlıq etməyə hazırdılar. Bu baxımdan da Azərbaycan hakimiyyətinə daha çox hansı siyasi qüvvə ilə təzyiq etmək mümkündürsə onlarla danışıqlar aparırlar. Olandın radikal müxalifətlə görüşməsi heç nəyi dəyişməyəcək. İsa Qəmbər və Əli Kərimlinin görüş üçün seçilmələri bu nöqteyi nəzərdən qiymətləndirilməlidir. Hər ikisi ölkəmizin milli maraqlarına zərbə vurmağa hazır olan insanlardır. Fikir versək görərik ki, parlamentdə təmsil olunan müxalifət nümayəndələrini belə görüşə dəvət etmədilər. Bütün bunlar bir daha onu göstərir ki, Fransa hökuməti Azərbaycanla əməkdaşlığa maraqlı olsa da dövlətçilik amilinə biganədir. Bu, zaman-zaman özünü göstərib. Ollandın dünən Ermənistana etdiyi səfər və ordada həm Türkiyənin həm də Azərbaycanın əleyhinə verdiyi bəyanat bir daha sübut etdi ki, bu dövlət birbaşa ermənilərin milli maraqlarının müdafiəçisidir".
Yeni Azərbaycan Partiyasının (YAP) YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov radikalların Ollandla görüşünü batmaq ərəfəsində olanın saman çöpündən yapışması halına bənzətdi: "Ümumiyyətlə, Azərbaycanda radikal müxalifətin heç bir sosial dayağı yoxdur. Onlar demək olar ki, tam şəkildə iflasa uğrayıblar. 2013-cü ilin prezident seçkilərində də radikallar bütün güclərini toplasa da, heç nəyə nail ola bilmədi. Belədə özlərinə və havadarlarına da iflasa uğradıqları bəlli oldu. Ona görə də radikal müxalifət hazırda batmaq ərəfəsində olduğundan saman çöpündən yapışır. Bu qüvvələrin daxildə cəmiyyət arasında heç bir nüfuzu, sosial dayağı olmadığından, kənardan gələn istənilən təklifə boyun əyərək, ölkəmizin maraqlarına zidd hərəkətlərdə bulunurlar. Onların məqsədi milli maraqları tapdalamaq bahasına olsa da belə, şəxsi məqsədlərinə nail olmaqdan ibarətdir. Bu zaman da onlar xaricilərin dəstəyinə bel bağlayırlar. Radikal müxalifət göründüyü kimi, yenə də ölkədən kənardakı mərkəzlərə üz tutmaqda davam edir. Hansı ki, xaricdə də Azərbaycanın çiçəklənməsi və inkişafını həzm edə bilməyən qüvvələr var. Radikal müxalifət də məhz bu qüvvələrlə əlaqə qurmaqla ölkəmizin milli və dövlətçilik maraqlarına zidd addımlar atmaqdan belə çəkinmirlər".
Böyük Qurtuluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib ki, Azərbaycanda səfirliklərin bir seçimi olur: "Bu seçim onun üzərində qurulur ki, Azərbaycanda hədəflərinə çatmayan, hakimiyyət uğrunda mübarizədə uğursuzluq sindromu yaşayan nakam bir müxalifət var. Bu səfərlər onlara təsəlli vermək üçün düşünülən bir yoldur". Deputatın sözlərinə görə, bu cür görüş kiçik marginal qrupları dəstəkləmək yoludur: "Bunu vaxtilə ingilislər də edirdi. Hər bir ölkədə xırda təriqətləri, kiçik qrupları dəstəkləyirlər. O qruplarda dəyişiklik yaratmaq fikrində olmurlar, amma istənilən an qarışıqlıq yaratmaq düşüncəsində olurlar".
Fazil Mustafanın fikrincə, bu görüşlərin ölkədə demokratiyanın inkişafına faydası yoxdur: "İstər ABŞ, istərsə də digər ölkələrin rəsmiləri gələndə sadəcə olaraq dəftərə "quş qoymaq", guya ki, plüralizmə əməl etdiklərini göstərmək üçün bu cür görüşlər keçirirlər. Bu görüşlər faktiki olaraq ölkədə demokratiyanın inkişafına heç bir fayda vermir. Belə görüşlərdə müəllim-şagird münasibətləri olur. Sadəcə olaraq bunlardan soruşurlar ki, nə şikayətiniz var. Sonra da deyirlər ki, yaxşı, baş üstə, şikayətinizi lazımi ünvanlara çatdırarıq. Belə deyirlər, amma hakimiyyətlə yaxın münasibətlərini davam etdirirlər".
Fazil Mustafa bu görüşdə iştirak etməməsindən məmnun olduğunu söyləyib: "Demokratiya istəyənlər daha çox bir tərəflə yaxın münasibətdə olurlar. Görürük ki, istər ABŞ, istərsə də Fransa rəhbərliyi hakimiyyətə yaxındır və onlar nə istəyirlərsə, onu da həyata keçirirlər. Ona görə də bu cür görüşlərin heç bir mənası yoxdur. Mən məmnunam ki, bu cür görüşlərdə iştirak etmirəm. Çünki fərdi qaydada şəxsiyyətə hörmət etmirlər. Beş nəfərin içinə qatıb rəy soruşurlar ki, ümumi şikayətinizi nədir. Amma bir fikir mübadiləsi olsa, "ölkədə demokratiyanın inkişafı üçün Fransa nə dəstək verə bilər, hansı addımlar ata bilər" sualları istiqamətində polemika olsa, bu görüşü müsbət qarşılamaq olar. Bu formada görüşlər isə sadəcə olaraq təsəlliverici qol kimi bir şeydir".

Əli