“Ciddi struktur islahatı başlayır” Siyasət

“Ciddi struktur islahatı başlayır”

Siyavuş Novruzov: "Rusiyanın səfirliklərinin böyük əksəriyyətində səfirin ya müşaviri, ya katiblərindən biri ermənidir"

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik

- Ermənistanın atəşkəsi pozması nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc əhali arasında ölüm halı oldu. Bu təxribatının ardınca təmas xəttində torpaqlarımızın işğaldan azad olunması uğrunda həlledici döyüşlərin başlanmasından söhbət gedir. Sizcə, bu realdırmı?
- Əvvəla, indiyə qədər atəşkəs müddətində atəşkəs yalnız Ermənistan tərəfindən pozulub. Azərbaycan bir dəfə də olsun atəşkəs rejimini pozmayıb, yalnız Ermənistana cavab verib. Bunu biz yox, rəsmi statistika deyir. Bütün beynəlxalq monitorinqlərdə bu, dəfələrlə etiraf olunub. Azərbaycan tərəfindən erməni dinc əhalisinə və yaşayış məskəninə qarşı silahdan istifadə edilməyib. Buna baxmayaraq, Ermənistan nəinki atəşkəsi pozmaqda, razılaşmaya əməl etməməkdə davam edir, eyni zamanda beynəlxalq hüququn prinsiplərini kobud formada pozur. Artıq dinc insanlara qarşı ağır silahlardan istifadə edir. Bu, beynəlxalq cinayətdir və bunun tədbiri mütləq görülməlidir.
Ötən ilin aprel hadisələrindən sonra erməni silahlıları xeyli quduzlaşıb. Ermənistanda həmin vaxt xeyli itki verilməsinə baxmayaraq, rəsmiləri bunun bir qismini gizlətdi. Çünki orda vuruşanların bir hissəsi ayrı-ayrı dövlətlərdən gələn muzdlular idi, onları elə işğal olunmuş ərazilərimizdə də basdırdılar. Bundan başqa, guya "valideynləri ilə əlaqə kəsilib və s." adı altında da xeyli itkilərini gizlədiblər. Hansı ki, bunların hamısı həmin aprel hadisələri zamanı Azərbaycan ordusu tərəfindən hücumların qarşısı alınan zaman məhv edilib. Bunu mən tam dəqiqliyi ilə deyirəm. Bunun ardınca Ermənistanın təxminən 10 000 gənci hərbi çağırışdan yayınaraq ordu sıralarında qulluq etməkdən, ümumiyyətlə, Dağlıq Qarabağa gəlməkdən imtina edib. Bildiriblər ki, onlara aid olmayan ərazidə ölmək istəmirlər.
Bu mənada artıq Ermənistan tərəfi Azərbaycanı dinc əhaliyə qarşı silah işlətməyə təhrik edir. Çünki Ermənistan aprel döyüşlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrini nə qədər cəhd etdisə də, bu insidentə qoşa bilmədi. Üzv ölkələr qeyd etdi ki, bu, Azərbaycanın ərazi məsələsidir, daxili işidir, öz ərazisində anti-terror əməliyyatı aparır. Təşkilata üzv olan istər Orta Asiya ölkələri, istər Belarus, hətta Rusiyanın özü bu insidentə qoşulmadı. İndi isə Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir ki, biz dövlət sərhədi olan bölgələrdə atəşkəsi pozub dinc əhaliyə qarşı silah işlədək. Bu, Ermənistanın bizi çəkmək istədiyi təxribatdır. Baxmayaraq ki, özü bunu mütəmadi edir: dinc əhalinin güllə-baran edilməsi, fermerlərə hücum, hətta uşaqların öldürülməsinin artıq ənənəvi hal alması erməni silahlılarının adətinə çevrilib. Özü də bunu tək güllə ilə etmirlər. Bir müddət əvvəl Tovuz ərazisində Azərbaycana axan çaya partlayıcı maddə buraxırdılar, orada azərbaycanlı azyaşlı qızın yanında partladı. Terror, ümumiyyətlə, Ermənistan siyasətinin əsasıdır. Vaxtı ilə Avropada və digər yerlərdə türk diplomatlarına, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularına qarşı da bundan dəfələrlə istifadə ediblər. İndi də bunu Azərbaycana qarşı intensivləşdiriblər. Bu da o deməkdir ki, artıq Azərbaycanın səbir kasası dolur. Azərbaycan Prezidenti də bəyan etdi ki, biz əlavə 25 il də gözləməyəcəyik. O vaxt dövlətimiz zəif idi, hərc-mərclik vardı, bundan istifadə edən Ermənistan digər dövlətlərin təhriki ilə ərazilərimizi işğal etdi. Bu gün Azərbaycan hər sahədə Ermənistandan on dəfələrlə güclüdür. Ermənistandan fərqli olaraq, bizdə xalqla iqtidar arasında olduqca güclü birlik var. Bütün bunlar da o deməkdir ki, günü sabah müharibə başlasa, bir neçə həftəyə Azərbaycan öz ərazilərini işğaldan tam azad edəcək. Bunu bilən Ermənistan da başqa ölkələri bu münaqişəyə qoşmağa çalışır.
Hazırkı məqamda isə torpaqlarımızın azad olunması üçün hərb variantdan istifadə reallığa doğru gedir. ATƏT Minsk Qrupu həmsədrlərinin bəyanatı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təzyiqindən sonra ikinci bəyanatı, ayrı-ayrı konqresmenlərin, senatorların bəyanatları, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrinin bəyanatları oldu. Lakin hələ heç kim birbaşa Ermənistanın işğalçılığını etiraf etmir, dilə gətirmir. Bütün bu bəyanatlarda Ermənistanın işğalçı olması əksini tapmalı idi, amma olmadı. Bəşəriyyət bilməlidir ki, bu cinayətləri törədən Ermənistandır. Torpağımızı işğal ediblər, vətəndaşımızı öldürürlər, körpələrimizi qırırlar. Bu müharibə qanunlarına da sığmır. Bu cür hərəkətlərin cavabını Ermənistan çox qısa zamanda alacaq.
- Bu hadisənin ardınca Rusiya Azərbaycana ard-arda nota göndərək erməni əsilli vətəndaşlarının ölkəyə buraxılmaması ilə bağlı etirazını bildirib. Bir neçə ay əvvəl isə Rusiyada azərbaycanlıların ən böyük diaspor təşkilatının qeydiyyatı ləğv olundu. Sizcə, bu hadisələr arasında əlaqə varmı?
- Rusiyanın Azərbaycanla münasibətləri çox yüksək səviyyədə qurulub. Azərbaycan heç vaxt Rusiyanın əleyhinə olan hansısa kampaniyada iştirak etməyib. Bakı həmişə Moskva ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub, bunu da hər dəfə əməli ilə sübut edib. Əfsus ki, orada erməni mənşəli məmurlar, həm də Azərbaycanın özündən olan bəzi şəxslər bu münasibətlərdən narahatdırlar. Rusiyadakı o erməni mənşəlilərin bəziləri vaxtı ilə Azərbaycanda yaşayıblar, sonradan ora köçüb orda yaşamağa başlayıblar. Rusiyanın mətbuatında və digər sahələrinə də erməni mənşəlilər yerləşib. Hətta onların televiziya kanallarındakı bəzi verilişlərə müxtəlif ad altında hər dəfə erməni mənşəli qonaqları çıxarıb danışdırırlar. Yaxud da televiziyalardakı aparıcıların bəzisi erməni mənşəlidir.
Mütəmadi olaraq Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərini pozucu məqsədlə müzakirəyə çıxarırlar. Əsas məqsədləri də Rusiya əhalisinin mövqeyini Azərbaycan qarşı mənfi məcraya yönəltməkdir. Amma rus xalqı görür ki, Azərbaycan həmişə bu ölkəyə dəstək verir. Rusiya blokadada olanda Azərbaycan yeganə ölkələrdən biri idi ki, onun ərzaq təhlükəsizliyinin təmin olunmasında fəal oldu. Bundan başqa, Rusiya-Türkiyə münasibətlərinin gərgin vaxtında başda cənab prezident olmaqla Azərbaycan bunun aradan qalxması üçün töhfələrini verdi. Hansı ki, bu, tək Rusiya-Türkiyə məsələsi deyildi, elə Rusiya-NATO məsələsi demək idi. O cümlədən İran-Rusiya münasibətlərində, ABŞ-Rusiya münasibətlərində də Azərbaycan fəaldır. Bu ölkələrin Rusiya rəsmiləri ilə görüşlərinin dəfələrlə Bakıda təşkil olunması buna misaldır. Rusiyadakı erməni mənşəli məmurlar təbii ki, bundan narahatdır. Məsələn, Rusiya Xarici İşlər Nazirliyində kifayət qədər erməni mənşəli şəxs var. Mən araşdırma aparmışam, Rusiyanın səfirliklərinin böyük əksəriyyətində səfirin ya müşaviri, ya katiblərindən biri ermənidir.
- Azərbaycandakı səfirlikdə də varmı ?
- Ola bilsin ki, olmasın. Amma yoxlasam, burda da tapmaq olar. Çünki həm Gürcüstanda, həm də Azərbaycanda yaşayan ermənilər soyadlarını dəyişiblər.
Bir faktı açıqlayım. Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan dili haqqında əks təbliğat aparılırdı. Dilimiz təhqir olunurdu. Biz araşdırdıq ki, bunu yayan Azərbaycanda yaşayan adını dəyişdirmiş bir ermənidir. Hətta bir təşkilat rəhbəridir. Özü əsaslandırmağa çalışdı ki, guya tatar mənşəlidir, amma mənşəyi bəlli oldu ki, ermənidir.
- Nəticə necə oldu? Kimdir o?
- Nəticəsi odur ki, hazırda aidiyyəti qurumlar onunla məşğuldur. Adını da lazım gəlsə, onlar açıqlayarlar. Yəni bu cür hallar var. Bu baxımdan da biz erməni mənşəli şəxsləri ərazimizə buraxa bilmərik. Onlar tamam başqa məqsədlə Azərbaycana gəlirlər.
Əgər belə vətəndaş qeydinə qalırlarsa, bu günə qədər Dağlıq Qarabağda separatçı rejimin girovluğunda olan Dilqəm Əsgərov Rusiya vətəndaşıdır, lakin Rusiya tərəfindən onun azad olunması ilə bağlı heç bir addım atılmayıb. Rusiyanın Xarici İşlər Nazirliyinin özü elə bu addımı ata bilər, amma atmır. Hamıya məlumdur ki, Rusiyanın bir kəlmə sözü Ermənistana kifayət edər ki, girovluqda olan o iki şəxs azadlığa buraxılsın. Lakin bu günə kimi bu addım atılmayıb.
- Bəzən mediada növbəti prezident seçkiləri ərəfəsində xarici dövlətlərdən bəzi təzyiqlərin olacağı ilə bağlı proqnozlar səsləndirilir. Bu məsələdə ən çox adı çəkilən Rusiyadır. Siz də qeyd edirsiniz ki, Azərbaycandan olan və Rusiyada yaşayan bəzi şəxslər iki ölkə arasında münasibətləri inkişafından narazıdırlar. Bunlar kimdir? Ümumiyyətlə, belə proqnozları nə qədər əsaslı hesab edirsiniz?
- Əvvəla, bu fikri Azərbaycandakı bəzi rusiyapərəst şəxslər yayır. Onlar bununla Rusiyanın bu məsələdə mövqeyini şişirtmək istəyirlər. Azərbaycan xalqı prezidentini özü seçir. Kənardan müdaxilələr qaldı 90-cı illərin əvvəlində. O vaxt Arif Hacılı deyirdi ki, İsa Qəmbərin seçilməsi 8 ölkə ilə razılaşdırılıb. Azərbaycan xalqı öz rəhbərini seçəndə heç kimlə razılaşdırmır, bu faktdır. Bu cür "proqnozları" isə Azərbaycanda olan, keçmişdən qalan rusiyapərəstlər, bu ölkənin kəşfiyyatına xidmət edən insanlar, eyni zamanda bu gün Rusiyada biznesi olan bəziləri dövriyyəyə buraxır. Vaxtı ilə Azərbaycanda vəzifədə olub indi gedib Rusiyaya sığınan bəziləri belə şeyi yazdırıb özlərini şişirtmək istəyir, ürək bulandırırlar. Ola bilsin ki, onun Moskvada Kremldə kiminləsə "salam-əleykümü" var. Amma Rusiyanın mövqeyi Kreml rəhbərinin mövqeyidir, onun da Azərbaycanla bağlı mövqeyi yüksək münasibətlərə əsaslanır. Bunun nəticəsidir ki, Rusiya-Azərbaycan dövlətlərarası münasibətlər çox yüksək səviyyədədir. Azərbaycanda güclü, stabil təhlükəsizliyi olan dövlətin, güclü şəxsiyyətin olması çoxlarının xoşuna gəlmir. Buna baxmayaraq, Azərbaycan xalqı, dövləti dünyaya sübut edib ki, güclü dövlətçiliyi və güclü lideri var. Beynəlxalq arenalarda Azərbaycan öz müstəqil sözünü deyir, Azərbaycan prezidenti xalqın maraqlarını çəkinmədən dünyaya çatdırır. Nəinki Azərbaycan xalqının, bütövlükdə türk dünyasının, bəzi hallarda müsəlman dünyasının mövqeyini ortaya qoyur. İslam Həmrəyliyi ili, İslam oyunları buna misaldır.
Təbii ki, seçki ilində ənənəvi olaraq, Azərbaycanın təbii sərvətlərindən maksimum güzəştlə yararlanmaq istəyən dövlətlər, güzəştli şəkildə öz işlərini görmək istəyən qlobal şirkətlər, Azərbaycanın güclənməsini istəməyənlər bəzi cəhdlər edəcəklər. Bunlardan bəziləri Avropa Parlamentinin, Avropa Şurası Parlament Assamnleyasının, ATƏT-in ələ aldıqları üzvləri vasitəsi ilə, başqa bəzi yollarla təzyiq göstərməyə cəhd edəcəklər. Lakin Azərbaycanda güclü dövlət, güclü lider, xalqla iqtidar arasında güclü birlik var. Ona görə də bunlar cəhd olaraq qalacaq.
- Hansı sahələrdə struktur və kadr islahatları gözlənilir?
- Struktur islahatları davam edəcək. Prezident Administrasiyasında böyük struktur islahatı keçirilir. Həmçinin Konstitusiyaya əlavə və dəyişikliklərdən sonra yeni strukturlar yarandı. Növbəti olaraq isə idarəetmədə ciddi struktur islahatı gözlənilir. Hazırda bununla bağlı cənab prezidentə təqdim etmək üçün proqramlar hazırlanır. Çünki idarəçiliyin operativliyini təmin etmək, vətəndaşların problemlərinin həll olunması və s. baxımından bu labüddür.
Bir sıra sahədə islahata ehtiyac var və bu olacaq
İndi Novruzəlinin məktubu poçtla ehtiyatla yolladığı yox, informasiya texnologiyalarının bir saniyədə məktubu çatdırdığı əsrdir. Biz də bununla ayaqlaşmalıyıq. Bununla bağlı bizim qanunvericilik bazamız kifayət qədər var. Artıq o bazaya uyğun olaraq islahat aparılacaq. Şişirdilmələr azaldılmalı, az sayda idarəetmə aparatı ilə fəaliyyət təmin olunmalıdır. Bütün bunlarla bağlı son qərarı vermək səlahiyyəti təbii ki, cənab prezidentə məxsusdur. Hansı sahədə struktur məqbul hesab olunacaqsa qalacaq, hansı sahədə hesab olunmayacaqsa, ləğv olunacaq. Görürsünüz ki, ləğvetmə və birləşdirmə sayəsində yeni strukturlar yaranır. Biz demirik ki, o struktur pis işləyir deyə ləğv olunur, sadəcə bu dövrün tələbidir ki, bunu başqa bir qurum əvəz etsin. Bir sıra sahədə islahata ehtiyac var və bu olacaq. Məsələn, bir nazirliyin yerli strukturu birləşib, o birininki yox. Axı bu cür ola bilməz. Hamısı eyni formada eyni sistemlə olmalıdır. İdarəetmə bərabər sistemdə olmalıdır və islahatlar bu yöndə aparılacaq. Məsələn, bir nazirin iki müavini var, o birinin beş-altı müavini var. Bu da tənzimlənməlidir.