Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid məkana çevrilir - RƏY Siyasət

Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid məkana çevrilir - RƏY

İki gün öncə Azərbaycanın Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı olub, açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova bildirib.

Azərbaycanın yeni milli hədəflərə doğru irəliləyir

Spiker deyib ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır: “Strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru inamla irəlilədiyini göstərən son dərəcə önəmli hadisədir. Hava limanının açılışında qardaş Türkiyə Cümhuriyyəti rəhbərinin iştirakı Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji müttəfiqlik əlaqələrinin sarsılmazlığını bir daha nümayiş etdirdi. Müstəqillik Günündə Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü də keçirildi. Bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu. İnamla söyləmək olar ki, Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ açacaqdır”.

Ümid körpüsündən Laçın Zirvəsinə uzanan strateji yol

Parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc bildirib ki, 992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü, birbaşa iştirakı və qardaş Türkiyənin yardımı ilə tikilən Ümid körpüsü mühasirədə olan Naxçıvanın hərbi-siyasi təhlükəsizliyində və iqtisadi xilasında nə qədər mühüm rol oynamışdısa, indi azad Laçında 3 dövlət rəhbərinin Zirvə görüşü də eyni uzaqgörən məqsədlərə xidmət edir.

“Azərbaycanın müstəqilliyi bu gün daha gerçəkdir”

Zahid Oruc vurğulayıb ki, Azərbaycanın son 100 ilində dövlət müstəqilliyimiz heç vaxt indiki qədər gerçək xarakter daşımayıb:

İlham Əliyev bölgələrə Cümhuriyyətin ruhunu aparır

“O zaman Gəncədən Bakıya gətirilən Cümhuriyyətdən fərqli olaraq, indi İlham Əliyev qalib dövlətimizi paytaxtdan bölgələrə aparır. İlham Əliyev 28 may inqilabını edib bütün ərazisində üçrəngli bayrağı yaymaq imkanı olmayan 100 il əvvəlki rəhbərlərin arzularını çin edir, Qərbi Zəngəzuru ermənilərə bağışlayıb Naxçıvanı Azərbaycandan ayıran sovetlərin qərarlarını geri oxutdurur.

Yeni mərhələ: Azad torpaqlar siyasi və hərbi dayaqlara çevrilir

Nə Rəsulzadə, nə Nərimanov, nə də ondan sonrakı dövlət adamlarımız bir türk, yaxud dünya liderini Zəngilana, Şuşaya, Laçına gətirməyə nail ola bilmədilər. Prezident isə azad torpaqlara yeni siyasi status qazandırır, strateji hərbi yüksəkliyə, müdafiə istehkamına çevirir, bir daha işğala məruz qalmayacağının zəmanətini hazırlayır.

Geosiyasət və genişlənmə: Vahid məkanda milli güc

Prezident yanvarın 7-də dedi ki, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid məkana çevrilir. Geosiyasətin bir qanunu var — coğrafi böyümədən sonra mütləq siyasi və iqtisadi miqyasca genişlənməlisən. Biz imperiya qurmaq və başqa əraziləri ələ keçirmək xəstəliyinə tutulmamışıq. Lakin İqdırdan gələn qaz xəttinin açılışı da, Zəngilan, Laçın, Şuşa zirvələri də eyni mərama — Naxçıvanı Azərbaycanla birləşdirməyə, Zəfərimizin davamına xidmət edir”.

Laçın Zirvəsi İslam dünyasının həmrəyliyidir

Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Müsəlman Şərqində ilk parlamentli respublikanın əsasını qoyan Azərbaycan bu uğurunun 107-ci ildönümünü məhz İslam dünyasının nəhəng gücləri Türkiyə və Pakistanla bayram etdi:

Qardaşlıq platforması: Laçında strateji infrastruktur

“Aktual regional hadisələrdə mövqelərini gücləndirmiş Türkiyə və Pakistan liderləri Müzəffər Ali Baş komandan İlham Əliyevlə Laçın Zirvəsində görüşdülər. Laçın bütövlükdə Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin strateji konsepsiyası əsasında və dövlətimizin maliyyə gücü ilə qurulur. Malik olduğu geostrateji mövqeyə görə Laçında yaradılan infrastruktur dual xarakterlidir, mülki olmaqla yanaşı, ölkəmizin müdafiə və təhlükəsizliyinin təmininə xidmət edir”.

Birgə dəyərlər və regional güc mərkəzi

Deputat qeyd edib ki, artan geosiyasi çağırışlar fonunda birgə dəyərlər və regional miqyasda birliklərin yaradılması aktuallaşır: “Azərbaycan-Türkiyə tandeminin sülhün və sabitliyin təminindəki gücü Pakistanın qoşulması ilə daha da artır”.