Azərbaycanın Şimal və Baltik dövlətləri ilə əməkdaşlıq gündəliyi müzakirə edilib Siyasət

Azərbaycanın Şimal və Baltik dövlətləri ilə əməkdaşlıq gündəliyi müzakirə edilib

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev regiona səfərləri çərçivəsində Şimal və Baltik dövlətləri (İsveç, Finlandiya, Norveç, Danimarka, Estoniya, Latviya və Litva) xarici işlər nazirliklərinin siyasi direktorlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimal və Baltik dövlətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlər və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

Görüşdə həmçinin Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti vurğulanaraq müxtəlif istiqamətlər, o cümlədən enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, kommunikasiyalar, rəqəmsal inkişaf, kiber təhlükəsizlik sahələri üzrə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın geostrateji mövqeyi, çoxtərəfli platformalar çərçivəsində oynadığı fəal rol, eləcə də daha geniş regionda sülhün bərqərar olması üçün göstərdiyi praktiki səylər və bütün bunların Azərbaycanla Avropa İttifaqı, o cümlədən Şimal və Baltik dövlətləri arasındakı əməkdaşlıq gündəliyinin daha da zənginləşməsinə verə biləcəyi töhfə vurğulanıb.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi, eləcə də qlobal iqlim fəaliyyəti üzrə danışıqlara sədrliyi və əldə olunan tarixi nəticələr yüksək qiymətləndirilib.

Nazir müavini Y.Rəfiyev görüş zamanı həmçinin Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, post-münaqişə dövründə bölgədəki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin əzəli torpaqlarına qayıdışı, eləcə də həmin ərazilərdə mina təhdidləri ilə mübarizə barədə məlumat verib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.