Azərbaycan Birləşmiş Ştatlarla sıx antiterror əməkdaşlığını dəstəkləyir Siyasət

Azərbaycan Birləşmiş Ştatlarla sıx antiterror əməkdaşlığını dəstəkləyir

Azərbaycan Birləşmiş Ştatlarla sıx antiterror əməkdaşlığını dəstəkləyir və Qafqaz regionu vasitəsilə insanlara pul və maddi vəsaitlər ötürməyə çalışan terror təşkilatları ilə aktiv mübarizə aparır.
Bu barədə ABŞ Dövlət Departamentinin 2016-cı il hesabatında deyilir.
Qeyd olunur ki, Azərbaycan diqqətini əvvəlki kimi terrorizmlə mübarizə üzrə səylərə cəmləyib:
"Azərbaycan məlumat mübadiləsi yolu ilə İraq və Suriyaya əcnəbi terrorçuların axınının, eləcə də bu ölkələrdə terror qruplarının qanunsuz maliyyələşdirilməsinin qarşısının alınması üçün İŞİD terror təşkilatına qarşı müqavimət göstərməyə hazır olduğunu bəyan edib".
Hesabatda qeyd olunur ki, 2016-cı ildə "İraq İslam Dövləti"nin silahlıları tərəfindən törədilən terror aktlarının sayı çoxalsa da, dünyada terror aktlarının ümumi sayı, habelə terror hücumları qurbanlarının sayı azalıb.
Sənəddə göstərilir ki, keçən il dünyada terror aktlarının sayı 9 faiz (11072-dək), terror hücumları nəticəsində ölənlərin sayı isə 13 faiz (25621-dək) azalıb.
Məruzənin müəllifləri bunu ilk növbədə Əfqanıstan, Suriya, Nigeriya, Pakistan və Yəməndə terror aktlarının sayının azalması ilə izah edirlər. Eyni zamanda, Konqo Demokratik Respublikası, İraq, Somali, Cənubi Sudan və Türkiyədə (PKK terror təşkilatı tərəfindən) terror hücumlarının sayı çoxalıb.
Əfqanıstan ərazisində terror aktlarının sayı azalsa da (1340 hücum), ölkə bu göstəriciyə görə İraqdan sonra ikinci yerdədir. İraqda 2965 terror aktı törədilib. İlk beşliyə, həmçinin Hindistan, Pakistan və Filippin daxildir.