“ Gürcüstanda keçirilən NATO-nun hərbi təlimləri siyasi xarakter daşıyır” Siyasət

“ Gürcüstanda keçirilən NATO-nun hərbi təlimləri siyasi xarakter daşıyır”

Azər Badamov: "Azərbaycan isə düşünülmüş tarazlı beynəlxalq siyasət aparır və kimlərinsə siyasi maraqlarına xidmət etmir"

"İyulunun 30-da "Layiqli tərəfdaş-2017 " adı altında Gürcüstannın Vaziana hərbi bazasında NATO təlimlərinə start verilib. Maraqlısı odur ki, bu təlimlərdə heç vaxt layiqli tərəfdaş olmadığı Ermənistan da iştirak edir. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır və belə işğalçı ölkənin təlimlərdə "Layiqli tərəfdaş-2017 " adı altında NATO ilə bir yerdə olması dünyada haqq ədalətin olmadığını göstərir". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Gürcüstan təlimləri Ermənistana heç nə vermir: "Sadəcə olaraq onun-bunun qapısında olmaq ermənilərin köhnə adətidir və istəyirlər ki, ona-buna yaltaqlıq etməklə özlərinə dəstək axtarsınlar. Amma ona-buna yaltaqlıq edənləri heç kim sevmir və heç vaxt hörmətli olmur.
Düşünürəm ki, Gürcüstanda keçirilən NATO-nun hərbi təlimləri hərbi məqsəddən çox siyasi xarakter daşıyır. Azərbaycan isə düşünülmüş tarazlı beynəlxalq siyasət aparır və kimlərinsə siyasi maraqlarına xidmət etmir. Azərbaycan beynəlxalq arenada hər zaman baş ucalığı ilə öz sözünü deyir və ona görə də bizi hər yerdə böyük hörmətlə qarşılayırlar. Digər tərəfdən isə güclü ordusu olan Azərbaycanın ermənilərlə bir yerdə hərbi təlimlərdə iştirakı düzgün olmazdı. Çünki, Ermənistan işğalçı ölkədir və nə qədər ki, Azərbaycan torpağı işgal altında qalır biz ermənilərlə bir yedə beynəlxalq hərbi blokların təlimlərində ola bilmərik. Belə getsə biz öz hərbi təcrübəmizi torpaqlarımızın işğaldan azad edilməsində istifadə etməli olacayıq. Bunu həm erməni bilməlidir, həm də ki, onlara arxa dayanan qüvvələr. Düşünürəm ki, o gün də uzaqda deyil".