Qardaşların strateji tərəfdaşlığı Siyasət

Qardaşların strateji tərəfdaşlığı

Prezident İlham Əliyev: "Tarix, mədəniyyət, etnik köklər birdir, türkmən xalqı bizim qardaş xalqımızdır"

Prezident Qurbanqulu Berdiməhəmmədov: "Ölkələrimiz və xalqlarımız əsrlər boyu formalaşmış yaxşı qonşuluq, ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər ənənələri ilə bağlıdır"

Dünən ölkəmizdə səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü olub.
Azərbaycan prezidenti Azərbaycan və Türkmənistan xalqlarının əsrlər boyu bir yerdə yaşadıqlarını, dostluq etdiyini bildirib: "Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Türkmənistan–Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafında çox mühüm addım olacaq. Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Sizi bir daha səmimiyyətlə salamlayıram, "Xoş gəlmisiniz" deyirəm. Əminəm ki, səfəriniz çox uğurlu olacaq".
Türkmənistan prezidenti isə Azərbaycana səfərə dəvət olunduğuna görə ölkəsinin nümayəndə heyəti adından prezident İlham Əliyevə minnətdarlığını bildirib: "Bu səfər böyük əhəmiyyət kəsb edir. Siyasətin ən mühüm postulatlarından biri qonşularla yaxşı münasibətləri saxlamaqdır. Bu münasibətlər müxtəlif istiqamətlər üzrə çoxtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin necə reallaşdırılmasından asılıdır.
Mədəni-humanitar sahəyə gəldikdə, Siz düzgün olaraq qeyd etdiniz ki, bizim dillərimizin, tariximizin, mənəvi dəyərlərimizin kökləri əsrlərin dərinliklərindən başlanır, onlar bir-birinə yaxın və oxşardır. Bütün bunları qoruyub saxlamaq və növbəti nəsillərə çatdırmaq mühüm məqamdır. Əziz qardaşım, hörmətli cənab Prezident, mən Sizə dövləti fəaliyyətinizdə, Türkmənistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, Azərbaycanın firavanlaşmasına yönəlmiş fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Fürsətdən istifadə edib, Sizi Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştiraka dəvət edirəm. Açılış sentyabrın 17-də olacaq. Sizi və Sizin nümayəndə heyətinin üzvlərini böyük ehtiramla dəvət edirəm. Qardaş Azərbaycan xalqına inkişafda böyük uğurlar və firavanlıq arzu edirəm. Gözəl ölkənizə səfərə dəvət olunduğumuza görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm"
Türkmənistan prezidenti qeyd edib ki, müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri özünün yeni mərhələsini yaşayır, yeni məzmun kəsb edir. Bu, həm siyasətdə, həm iqtisadiyyatda, həm də mədəni-humanitar sahədə müşahidə olunur".
O qeyd edib ki, həm Türkmənistan, həm də Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir: "Bizim ölkələrimiz bu siyasəti həyata keçirmək üçün Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət göstərir, bir-birini dəstəkləyirlər. Biz Sizə minnətdarıq ki, Siz Türkmənistanın neytral statusa əsaslanan siyasətini həmişə dəstəkləyirsiniz. Ticari-iqtisadi münasibətlərə gəldikdə, bu gün həm Türkmənistan, həm də Azərbaycan energetika, nəqliyyat və digər sahələrdə iri layihələri reallaşdırmaqla nəinki regionda, həm də dünya miqyasında xüsusi yer tutur. Bu, təkcə iki ölkənin, yalnız regionun inkişafına töhfə verməklə məhdudlaşmır, ölkələrimizin reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir və dünyada da müəyyən rol oynayır".


Geniş tərkibdə görüş


Azərbaycan prezidenti İlham Əliyevin və Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan prezidenti qardaş ölkə prezidentinin səfərinin Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacağına əmin olduğunu bildirib: "Biz dostuq, qonşuyuq, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar və bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq. "Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik, siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı nəticələr var. Bu gün təkbətək görüşdə müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, bizim mövqeyimizdə eyni yanaşma var. Biz istəyirik ki, Türkmənistan ilə Azərbaycan həmişə olduğu kimi öz əlaqələrini yüksək səviyyədə saxlasınlar, bu əlaqələr daha da inkişaf etsin. Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun. İstəyirik ki, xalqlarımız yaxşı yaşasın, rifah içində yaşasın. Əlbəttə ki, ikitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir və həm beynəlxalq arenada, həm regionda, həm ikitərəfli formatda Türkmənistan və Azərbaycan nümunəvi münasibətlər göstərir. Sizin bugünkü səfəriniz bunun növbəti təsdiqidir. Əminliyimi ifadə etmək istəyirəm ki, səfər çox uğurlu olacaq və əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaq", - deyə o vurğulayıb.
Azərbaycan prezidentinə dəvətə görə dərin təşəkkürünü bildirən Qurbanqulu Berdiməhəmmədov hər iki ölkənin sabit inkişafının davam etməsini arzuladığını bildirib.
Türkmənistan prezidenti qeyd edib ki, səfərinin əsas məqsədi dövlətlərimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə yönəlib: "Bu gün əlaqələrimizin və əməkdaşlığımızın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Siyasi istiqamətə gəldikdə, bildirmək istərdim ki, dövlətlərimiz əsasən məhz beynəlxalq və regional təhlükəsizliyin qorunub saxlanılmasının tərəfdarıdır. Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin. Bu, öz növbəsində Mərkəzi Asiyada və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir. Hazırkı şəraitdə ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirməlidirlər".

Azərbaycan-Türkmənistan sənədləri imzalanıb

Geniş tərkibdə görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
"Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Saziş"ə əlavə və dəyişikliklər edilməsi barədə Protokolu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Türkmənistanın dəmir yolları naziri Deryaqulı Bəşimov imzalayıblar.
"Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum"u Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Türkmənistanın maliyyə naziri Qoçmırat Mıradov imzalayıblar.
"Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Serdar Çolukov imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş"i "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və Türkmənistanın Dövlət Dəniz və Çay Nəqliyyatı Xidmətinin sədri Amanmırat Qurdov imzalayıblar.
"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Türkmənistanın daxili işlər naziri İsgender Mulikov imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş"i və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkmənistanın kənd və su təsərrüfatı naziri Nursaxet Sapardurdıyev imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş"i və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın iqtisadiyyat və inkişaf naziri Batır Bazarov imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Türkmənistanın müdafiə nazirinin müavini, Fövqəladə Hallar İdarəsinin rəisi Yusup Muxammetqulıyev imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Ətraf Mühit və Torpaq Ehtiyatları üzrə Dövlət Komitəsinin sədri Batırmırat Orazmıradov imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın mədəniyyət nazirinin vəzifəsini müvəqqəti icra edən Ataqeldı Şamıradov imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Maksad Babayev imzalayıblar.


"Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir"

Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimindən sonra mətbuat üçün bəyanatında deyib ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir: "Bu səfəriniz Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında çox böyük yer tutur. Bu gün apardığımız danışıqlar və imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan xalqları bir yerdə yaşamışlar, əməkdaşlıq, dostluq ediblər. Dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində qurulub. Bu il biz diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. Bu 25 il ərzində Azərbaycan və Türkmənistan böyük və uğurlu yol keçib".
Prezident İlham Əliyev deyib: "Cənab Prezident, mən bu gün xüsusilə Sizin rəhbərliyinizlə Türkmənistanın əldə etdiyi uğurlar haqqında danışmaq istərdim. Sizin rəhbərliyinizlə ölkəniz sürətlə inkişaf edir, sosial, iqtisadi məsələlər uğurla həll olunur, vətəndaşların rifah halı yaxşılaşır, Türkmənistan beynəlxalq aləmdə böyük rol oynayır. Sizin neytrallıq siyasətiniz dünya ictimaiyyəti tərəfindən dəstəklənir və Birləşmiş Millətlər Təşkilatı Türkmənistanın neytrallığı ilə bağlı iki il əvvəl qətnamə qəbul edib. Azərbaycan da o qətnamənin həmmüəllifi olub. Bu gün imzalanan sənədlər arasında Birgə Bəyannamə xüsusi yer tutur. Bu, strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamədir. Yəni, bu, əlaqələrin ən yüksək səviyyəsidir. Bu gün Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu Bəyannamədə gələcək birgə fəaliyyətimizin demək olar ki, bütün istiqamətləri müəyyən edilib, həm siyasi, həm iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib. Bizim əlaqələrimiz uğurla inkişaf edir. Biz bir çox istiqamətlər üzrə fəaliyyətimizi gücləndirəcəyik. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik - BMT-də, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birimizi dəstəkləyirik. Ticarət sahəsində, iqtisadi sahədə yaxşı nailiyyətlər var. Keçən il ticarət dövriyyəmiz artıb".
Prezident İlham Əliyev Türkmənistanlı həmkarı ilə danışıqların böyük hissəsinin nəqliyyat məsələlərinə həsr edildiyini bildirib: "Həm Türkmənistanda, həm Azərbaycanda yeni dəniz ticarət limanları tikilir və yaxın zamanlarda istifadəyə veriləcək. Bu, yük daşımalarının həcminin artırılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu gün müzakirə edilən mövzulardan biri də Bakı-Tbilisi-Qars dəmir yolunun inşasıdır. Bu yol həm Türkmənistanın, həm Azərbaycanın tranzit imkanlarını böyük dərəcədə artıracaq".
Dövlət başçısı qeyd edib ki, energetika sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar var: "Bu gün imzalanan Memorandum gələcək fəaliyyətimiz üçün yaxşı əsas yaradır. Biz bütün sahələrdə, təbii ki, humanitar sahədə uğurla əməkdaşlıq edirik. İctimaiyyət onu da görür ki, bizim üçün tərcüməçi də lazım deyil. Biz cənab Prezidentlə söhbət əsnasında dedik ki, əgər bizim vətəndaşlar bir ay bir-birinə qonaq getsələr onda heç, ümumiyyətlə, tanış olmayan kəlmə də qalmaz. Yəni, bu oxşarlıq bizim böyük sərvətimizdir. Tarix, mədəniyyət, etnik köklər birdir və biz fəaliyyətimizi bu möhkəm təməl üzərində qururuq. Türkmənistan bizim üçün yaxın, dost, qardaş ölkədir, türkmən xalqı bizim qardaş xalqımızdır. Biz bunu yüksək qiymətləndiririk. Mən xüsusilə Prezident Berdiməhəmmədovun fəaliyyətini bir daha qeyd etmək istərdim. Çünki bizim uğurlu əməkdaşlığımızın tarixi hadisəsi 2008-ci ildə baş verib. Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər edib və ondan bir neçə ay sonra - 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük. Cənab Prezident, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfərinizin çox gözəl nəticələri olacaq. Türkmənistan və Azərbaycan bir-birinə daha da yaxın olacaq".

"Türkmənistan Azərbaycanı qardaş dövlət sayır"

Prezident Qurbanqulu Berdiməhəmmədov bildirib ki, səfər çərçivəsində Türkmənistan ilə Azərbaycan arasında ən yüksək səviyyədə danışıqlar aparılıb: "Həmin görüşlər zamanı ikitərəfli münasibətlərin durumu və perspektivləri, regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu, gələcək qarşılıqlı fəaliyyətimizin konkret istiqamətləri təyin edildi. İki ölkə arasında ənənəvi olan qarşılıqlı inam və açıqlıq mühitində keçən danışıqların konstruktiv və məzmunlu xarakterini xüsusilə qeyd edirəm. Görüşlər zamanı bu gün bütün istiqamətlərdə - siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə aparılan ikitərəfli dialoqun indiki səviyyəsini yüksək dəyərləndirdik. Azərbaycan ilə əlaqələrimiz qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri əsasında dinamik və yüksələn xətlə inkişaf edir".
Türkmənistan prezidenti deyib: "Hörmətli azərbaycanlı dostlarımız, hörmətli qardaşlarımız, Azərbaycan bizim mühüm və etibarlı tərəfdaşımızdır. Biz Mərkəzi Asiya, Xəzər hövzəsi zonasında sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə birgə çalışırıq. Türkmənistan və Azərbaycan arasında qarşılıqlı addımlar bu gün strateji sabitlik və regional proseslərin müsbət inkişaf amilidir. Hər iki ölkə Xəzəryanı məkanın Avrasiyada uzunmüddətli sabitliyin mənbəyinə, geniş beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır".
Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, keçirilmiş danışıqlarda iki ölkənin nüfuzlu beynəlxalq və regional strukturlar - Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etməsinə hazırlıq vurğulanıb: "Türkmənistan ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli tərəfdaşlıq çərçivəsində davam edəcək. Mən bir daha təkrar etmək istəyirəm ki, bu əməkdaşlıq beştərəfli əməkdaşlıqdır. Biz iqtisadi əməkdaşlıq məsələlərini təfərrüatı ilə müzakirə etdik və iki dövlətin güclü sənaye və infrastruktur potensialına uyğun olaraq bu sahədə qarşılıqlı fəaliyyətin artırılmasının zəruriliyi haqqında ümumi rəyə gəldik. Danışıqlar zamanı Türkmənistan ilə Azərbaycan arasında ticarət sahəsində tərəfdaşlığa, qarşılıqlı mal dövriyyəsinin artırılması və şaxələndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirildi. Biz qarşılıqlı ticarətin genişləndirilməsi, sənaye, xidmətlər və aqrar kompleks sahələrində geniş birgə layihələrin həyata keçirilməsi üçün sərmayə siyasətinin fəallaşdırılması məqsədilə tədbirləri nəzərdən keçirmək barədə razılığa gəldik. Bu baxımdan iki ölkənin biznes qurumlarının xətti ilə qarşılıqlı fəaliyyət mühüm rol oynamalıdır".
Türkmənistan prezidenti qeyd edib ki, əməkdaşlığımızın strateji istiqamətləri energetika və nəqliyyatdır: "Türkmənistan və Azərbaycan enerji daşıyıcılarının istehsal həcminə görə Avrasiyada lider mövqeləri tutur. Bizim müasir infrastrukturumuz var və söhbət nəinki Avrasiya və regiondan gedir, mən söyləyə bilərəm ki, bütün dünyada ölkələrimiz məhz enerji daşıyıcılarının istehsal həcminə görə lider mövqeyindədir. Müvafiq infrastrukturumuz var, enerji və nəqliyyat marşrutlarının konfiqurasiyası ilə bağlı ümumi rəyimiz mövcuddur. Enerji və nəqliyyat axınlarının şaxələndirilməsi baxımından biz öz potensialımızın davamlı istifadəsi, yeni, birgə layihələrin reallaşması üçün bütün imkanlardan istifadə edəcəyik. Danışıqlar zamanı iki ölkə arasında geniş mədəni, humanitar, elmi, təhsil və idman əlaqələrinin daha da inkişafı və həvəsləndirilməsi üzərində ümumi razılıq əldə olunub. Hörmətli azərbaycanlı dostlarımız və qardaşlarımız, nümayəndə heyətimiz bugünkü görüşlərin nəticələrini yüksək dəyərləndirir. Yekun olaraq, böyük ikitərəfli sənədlər paketi imzalandı. Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkmənistan Azərbaycan ilə münasibətlərinə xüsusi əhəmiyyət verir, onu qardaş dövlət sayır. Ölkələrimiz və xalqlarımız əsrlər boyu formalaşmış yaxşı qonşuluq, ümumi tarix, mədəniyyət, dil və mənəvi dəyərlər ənənələri ilə bağlıdır. Biz bu irsi xüsusi olaraq qoruyub saxlayırıq, ona müasir reallıqlar ruhunda yeni məzmun gətiririk. Qarşımızda duran əsas məqsəd ənənələrimizin və ən ülvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasından ibarətdir. Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq bütün istiqamətlər üzrə durmadan inkişaf edəcək. Bu, iki ölkənin və xalqın uzunmüddətli maraqlarına cavab verir, beynəlxalq proseslərin müsbət inkişafının güclü amilidir. İkitərəfli əlaqələrin gücləndirilməsində, Türkmənistanla əməkdaşlıq məsələlərinə daimi diqqətin göstərilməsində Azərbaycan prezidentinin böyük şəxsi xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Hörmətli İlham Heydər oğlu, icazə verin, Azərbaycan ilə Türkmənistan arasında qardaşlıq əlaqələrinin inkişafına göstərdiyiniz yüksək diqqətə görə sizə dərin minnətdarlığımı bildirim".