“Hoqland “çərçivə sazişinin” altı maddəsini açıqladı” Siyasət

“Hoqland “çərçivə sazişinin” altı maddəsini açıqladı”

Mübariz Əhmədoğlu: "Danışıqlar prosesində tərəf kimi iştirakına dair heç bir eyham yoxdur"

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş "çərçivə sazişinin" altı maddəsini açıqladı. Açıqlanan prinsiplərdə Dağlıq Qarabağın danışıqlar prosesində tərəf kimi iştirakına dair heç bir eyham yoxdur. Bütün hallarda iki tərəfdən söhbət gedir".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı açıqlmasını şərh edərkən bildirib: "Dağlıq Qarabağ xalqı", "Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə prinsipi", "Referendum" kimi terminlər istifadə olunmur. Rəsmi Yerevan bu tezisləri tez-tez gündəliyə gətirirdi və Dağlıq Qarabağ tənzimlənməsinin bu prinsiplər əsasında reallaşacağının sənəddə yazıldığını bildirirdi.
Danışıqlar masasının üstündə olan sənəd yalnız Yenilənmiş Madrid Prinsipləri əsasında hazırlanmış sənəddir. Bununla R.Hoqland Kazan sənədinin danışıqlar masasında olduğunu deyən Ermənistan prezidenti Serj Sərkisyanın daha bir yalanını ifşa etdi. Dağlıq Qarabağ münaqişəsi 1987-ci ildə başlayıb. Təxminən üç aydan sonra Dağlıq Qarabağda ilk mitinqin keçirilməsindən 30 il ötəcək. Bu müddət ərzində Ermənistanın başında duranlar dünya erməniliyini, bütün dünyanı aldadaraq Dağlıq Qarabağ münaqişəsinə külli miqdarda maliyyə və geosiyasi resursları xərcləyiblər. Hazırda Ermənistan borc içindədir, heç bir müttəfiqi yoxdur.
Diasporla Ermənistan arasında uçurum getdikcə dərinləşir. Ermənistanın Dağlıq Qarabağ məsələsində əldə etdiyi yalnız "müvəqqəti status"dur. Azərbaycanlılar Dağlıq Qarabağa, hətta Ermənistanın özünə qayıdır".
Politoloqun fikrincə, rəsmi Yerevan dünya erməniliyini də öz yalanlarına inandıra bilibmiş: "ABŞ ermənilərinin Milli Komitəsinin və kolumnist Areq Qalstyanın açıqlamaları bunu nümayiş etdirir. R.Hoqlandın açıqladığı variant Azərbaycanın maraqlarına zidd olmasa da, o qədər də uyğun deyil. Azərbaycanın maraqlarına ən yaxı cavab verən variant Yenilənmiş Madrid Prinsipləridir. 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində üç həmsədr ölkə prezidentləri tərəfindən imzalanana bu sənədin birinci maddəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur".
Mübariz Əhmədoğlunun sözlərinə görə, indi Hoqlandın ortalığa qoyduğu bu variant özündən əvvəlki həmsədr C.Uorlikin hazırladığı variantdır: "Uorlik variantında statusun müəyyən olunmasını ərazilərin qaytarılmasından əvvələ keçirmişdi. Hoqlandın variantında hətta Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi də ərazilərin qaytarılmasından önə keçirilib.
Dağlıq Qarabağa müvəqqəti statusun verilməsində təhlükəli heç nə yoxdur. Çünki o yalnız ATƏT-də qeydə alınacaq və müvəqqəti statusun əsas məqsədi Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasına şərait yaratmaqdır. Bu halda kompromis variantı əldə etmək daha asandır: Hoqlandın təklif etdiyi variantda ikinci və üçüncü maddələrin yerini dəyişmək. Birinci addım olaraq Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi prinsiplərini hər iki tərəfin iştirakı ilə kağız üzərində işlənib hazırlanır. İkinci addım Dağlıq Qarabağ ətrafındakı bütün ərazilər Azərbaycana qaytarılır. Üçüncü addım kimi isə Qarabağa müvəqqəti status verilir.
Dağlıq Qarabağdan Ermənistana gedən yol və ya dəhliz adı ilə Laçını Azərbaycanın 7 rayonları sırasından çıxarmaq təbii ki, alınmayacaq. Ən azı S.Sərkisyan ondan vacib məsələlər uğrunda mübarizəni uduzub.
Perspektiv: Azərbaycan getdikcə hərtərəfli güclənir; əhalisinin sayı artır. Ermənistan iqtisadi cəhətdən zəifləyir, miqrasiya prosesləri kifayət qədər dərin demoqrafik böhrana çevrilib. Ermənistanın güclənərək Azərbaycana çatacağını düşünmək yalnız ermənilərə bəlli olan məntiqdir".