Nalbandyanın açıqlamasında xüsusi yenilik yoxdur” Siyasət

Nalbandyanın açıqlamasında xüsusi yenilik yoxdur”

Elxan Şahinoğlu: "Serj Sərkisyan da müxtəlif vaxtlarda bu cümləni dilə gətirib"

Politoloq Elxan Şahinoğlu ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması açıqlamasına münasibət bildirib. Politoloq deyib ki, onsuz da ermənilər danışıqların ilkin mərhələsində 5 rayonu boşaltmalıdırlar və bunu özləri də qəbul edirlər. "Nalbandyan həmin cümləsində "Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin boşaldılması" ifadəsini işlədib. Bu o deməkdir ki, İrəvan Şuşa, Laçın və Kəlbəcəri boşaltmağı düşünmür. Digər tərəfdən İrəvan boşaltmaq istədiyi rayonların əvəzində nə istəyir? Bu da bəllidir. 5 rayonu o şərtlə boşaltmağa hazırdılar ki, sülh sazişində referendumun keçiriləcəyi tarix göstərilsin. Yəni 5 rayonun əvəzində "müstəqilliklərini" legitimləşdirmək istəyirlər. Bunun nəyi bizim xeyrimizədir? 5 rayonun boşaldılması əvəzinə Dağlıq Qarabağın tamam itirə bilərik".
Politoloq qeyd edib ki, yenilik sadəcə odur ki, Nalbandyan cəmiyyətinə eşitdirib ki, münaqişənin həllinin ilkin mərhələsində Dağlıq Qarabağ ətrafındakı hansısa rayonları boşaldacaqlar. Əslində açıqlamanın bu hissəsində də xüsusi yenilik yoxdur. Ermənistan prezidenti Serj Sərkisyan da müxtəlif vaxtlarda bu cümləni dilə gətirib.