“Qarabağın bir qarışını da güzəştə getməyəcəyik” Siyasət

“Qarabağın bir qarışını da güzəştə getməyəcəyik”

Əli Həsənov: "BMT zəhmət çəksin, Təhlükəsiz Şurasının qətnamələrini icra etsin"
BMT-nin xüsusi məruzəçisi: "Hesabatımın əsas mahiyyəti ondan ibarət olacaq ki, bu məsələnin sülh yollu ilə həllinə nail olmağın vaxtı yetişib"

Dünən BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Azərbaycana səfərin yekunlarına dair baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla birgə mətbuat konfransı keçirib.
APA-nın xəbərinə görə, Ə. Həsənov Çaloka Beyaninin səfərinin çox uğurlu olduğunu bildirib. Dövlət komitəsinin sədrinin sözlərinə görə, xüsusi məruzəçidən yeganə istəyi gözləri ilə gördüyü reallığı hesabatda əks etdirməsidir: "Səfər proqramında nəzərdə tutulan bütün görüşlər baş tutub. Hökumət olaraq hesab edirik ki, səfər uğurlu keçib".
Öz növbəsində, Ç. Beyani də səfər çərçivəsində Azərbaycan rəsmiləri, hökumət üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərilə görüşlər keçirdiyini söyləyib.
Məcburi köçkünlərin məskunlaşdığı yerlərə də baş çəkdiyini deyən qonaq Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar və bu addımların nəticələri ilə real şəkildə tanış olduğunu qeyd edib: "Məcburi köçkünlərin gəldiyi ilk vaxtla indiki vəziyyəti müqayisə etmək mümkün deyil. Bu müddət ərzində Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçasında olarkən çox təsirləndim. İstərdim ki, bu uşaqlar böyüyəndə köçkünlük hissi onların üzərində qalmasın, 3-5 ildən sonra onlar yetkinlik yaşına çatanda köçkün adından azad və fərqli bir həyat sürə bilsinlər".
C. Beyani qeyd edib ki, Azərbaycana səfərinin nəticələrinə dair məcburi köçkünlərlə bağlı hazırlayacağı hesabatı bu ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına, gələn ilin iyulunda isə BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.
BMT-nin xüsusi məruzəçisi bildirib ki, Azərbaycana rəsmi səfər etmək, məcburi köçkünlərin vəziyyətini öyrənmək mənim üçün böyük şərəf və təcrübə olub.
Onun sözlərinə görə, səfərdə əsas məqsəd məcburi köçkünlər üçün daha dayanıqlı həll yollarının tapılması idi: "Bu çərçivə fəaliyyətinin əsasında məcburi köçkünlərin qayıtması, olduğu yerdə qalması və digər yerə köçürülməsi nəzərdən keçirilir. İstənilən seçim variantının hər birində məcburi köçkünlərlə məsləhətləşmə, onların fikirlərini öyrənmək çox vacibdir. İstənilən seçim onların təhlükəsiz, ləyaqətli həyat sürməsi üçün imkan yaratmalıdır. Səfər zamanı məcburi köçkünlərdən eşitdiyim əsas ismarıcın mahiyyəti ondan ibarətdir ki, onlar öz torpaqlarına qayıtmaq istəyirlər. Məhz bu səbəbdən hesabatımın əsas mahiyyəti ondan ibarət olacaq ki, bu məsələnin sülh yollu ilə həllinə nail olmağın vaxtı yetişib. Bu da Dağlıq Qarabağda vəziyyətin daha normal məcrada inkişafına şərait yaradacaq, eyni zamanda BMT-nin qəbul etdiyi qətnamələrin icrasına imkan verəcək. Beynəlxalq ictimaiyyətdən müəyyən səylər tələb edilir ki, bunun nəticəsində də məcburi köçkünlər üçün daha davamlı, dayanıqlı həllərin tapılması, sülhün təmin olunması mümkündür. Bu səylər eyni zamanda məcburi köçkünlərin hökumətin həyata keçirdiyi inkişaf siyasətinə inteqrasiyasını, gələcəkdə onların qayıdışından sonra məcburi köçkünlərin cəmiyyətdə aktiv iştirakını təmin etməsini, infrastrukturun bərpası, evlərin tikintisi, azad olunmuş torpaqların yaşayış, kənd təsərrüfatı üçün yararlı olmasını tələb edir. Bildiyim qədər son illər ərzində ölkədə "Böyük qayıdış" planı işlənib hazırlanıb. Mən öz mandatım çərçivəsində bu prosesə təcrübəmlə töhfə verməyə, bu məsələdə Azərbaycan hökuməti ilə əməkdaşlıq aparmaq niyyətindəyəm. Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış və sosial şəraiti ilə bağlı atdığı addımları alqışlayıram. Təcrübəmdə gördüyüm ən yaxşı nümunədir. Bu kimi yanaşma məcburi köçkünlərin qayıdışı zamanı da təmin olunmalıdır".
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə deyib ki, hər dəfə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər qəbul olunur, yığılır, amma hələ ki nəticə yoxdur: "Ermənistan tərəfi bilməlidir ki, vaxt gələcək, bütün sənədlər öz təsirini göstərəcək".
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda məcburi köçkünlərin ölkə ərazisinə hərəkəti tam sərbəstdir və heç bir məhdudiyyət yoxdur: "Çaloka Beyanı ilə qarşılıqlı etimad məsələsi müzakirə olunub. Azərbaycanın qarşılıqlı etimad problemi heç zaman olmayıb və olmayacaq. Ermənilərlə 200 il birlikdə yaşamışıq. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapandan sonra əvvəlki qaydada ermənilərlə həmin yerlərdə birgəyaşayış davam edəcək. Əgər qarşılıqlı etimad pozulacaqsa, bu, yalnız ermənilər tərəfindən baş verə bilər. Azərbaycan tərəfindən heç zaman belə hal olmayıb və olmayacaq da".
Ə.Həsənov xatırladıb ki, bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər zamanı Laçına gedərkən orada Ermənistan rəhbərliyi tərəfindən amerikalı həmsədrə qarşı hücum təşkil edilib: "Mən nəyə görə deyirəm ki, Ermənistan rəhbərliyi? Çünki bu başqa cür də mümkün deyil. Bu pozuntular həmişə Ermənistan tərəfindən olub və bu gün də var. Bunu da beynəlxalq aləm və dövlətlər gördü".
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan dövləti Dağlıq Qarabağın bir qarışını da Ermənistana güzəştə getməyəcək. Onun sözlərinə görə, bu, Azərbaycan prezidenti, hökuməti və xalqının birmənalı, dönməz mövqeyidir: "Ermənilər nə qədər bunu tez başa düşsələr, düz yola, konstruktiv yola gəlsələr, daha yaxşıdır. Hələ ki, itirən onlardır. Bu problem öz həllini tapacaq. Ermənilər son anda görəcəklər ki, uduzan özləridir".
Baş nazirinin müavini beynəlxalq təşkilatların ikili standartlarından gileylənib: "Azərbaycan heç bir dövlət, beynəlxalq təşkilatdan nəsə tələb etmir. Biz sadəcə istəyirik ki, bu problemlərlə məşğul olan təşkilat və dövlətlər bu işə obyektiv yanaşsın".
Bununla belə, baş nazirin müavini bildirib ki, Azərbaycanın yalnız BMT-dən istəyi və tələbi var: "BMT zəhmət çəksin, Təhlükəsiz Şurasının qətnamələrini icra etsin".
Bu çıxışa münasibət bildirən xüsusi məruzəçisi Çaloka Beyani isə bildirib ki, Azərbaycana səfərindən sonra BMT Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək.
O, bu məsələni və Azərbaycanın mövqeyini birbaşa onlara çatdıracağını deyib.