Milli Məclisdə Rusiya Federal Məclisi ilə əməkdaşlıq müzakirə olunub Siyasət

Milli Məclisdə Rusiya Federal Məclisi ilə əməkdaşlıq müzakirə olunub

Azərbaycan Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın 14-cü iclası keçirilib.
İclasda komissiyanın həmsədri MM-in vitse-spikeri Valeh Ələsgərov iki ölkənin və qanunverici orqanların əməkdaşlığının getdikcə daha da möhkəmləndiyini bildirib.
Rusiya tərəfindən ikitərəfli komissiyanın həmsədri, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Azərbaycanın yüksək mükafatı - "Dostluq ordeni" ilə təltif olunmasına görə Azərbaycan dövlətinə və dövlət başçısına təşəkkür edib. O, bu mükafatlandırmanın iki ölkə arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini deyib: "Rusiyanın qanunverici orqanları da əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə azərbaycanlı həmkarlarını təltif edib".
Rusiya Dövlət Dumasının Xatirə Medalı Milli Məclis sədrinin müavini Valeh Ələsgərova, Rusiya Federasiyası Federasiya Şurasının Fəxri Fərmanları isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova və Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərova təqdim olunub.
Milli Məclisin deputatı Əhliman Əmiraslanova isə Dağıstan Respublikasının Əməkdar elm xadimi Fəxri adı ilə təltif olunması barədə vəsiqə və döş nişanı təqdim edilib.
İclasda Parlamentlərarası İttifaqın 2017-ci ilin 14-17 oktyabrında Sankt-Peterburqda keçirilmiş 137-ci Assambleyasının iclasının əsas yekunları və konfessiyalararası dialoqun inkişaf etdirilməsi sahəsində Rusiya və Azərbaycanın qarşılıqlı fəaliyyəti, Elm, texnologiya və intellektual mülkiyyətin inkişafı sahəsində Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığının vəziyyəti və genişlənmə perspektivləri, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi barədə, Rusiya və Azərbaycanın regionlar səviyyəsində qarşılıqlı əlaqəsinin inkişafı mövzularında məruzələr dinlənildi, fikir mübadiləsi aparılıb. Çıxış edən parlamentlərarası komissiyanın üzvləri müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər. İclasda parlamentlərarası komissiyanın növbəti 15-ci iclasına dair təşkilati məsələlərə də baxılıb. Bununla da Azərbaycan Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın 14-cü iclası başa çatıb.