İrəvanın Qarabağdan daha böyük problemi... Siyasət

İrəvanın Qarabağdan daha böyük problemi...

Görülən kosmetik tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin 40 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır.
Bu sözləri açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Ermənistan əhalisinin ölkəni kütləvi surətdə tərk etməsi artıq Dağlıq Qarabağ problemi boyda həlli müşkül məsələyə çevrilib:
"Ermənistan bu gün özünü təcrid vəziyyətinə salıb. Ermənistan əhalisi artıq bu durumun dəyişəcəyinə ümid bəsləmir, ona görə də yeganə çıxış yolunu ölkədən köçməkdə görür. Serj Sərkisyanın bu istiqmətdəki çağırışları cəmiyyətdə sadəcə gülüş doğurur. Çünki birincisi, ermənilər öz ölkələrində yaşamaq istəmirlər, ikincisi isə ailədə uşaqların sayı getdikcə azalır. Yeganə çıxış yolu Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməsidir. Bu isə baş verməyəcək. Ancaq bu o demək deyil ki, İrəvan bu prosesdən itkisiz çıxacaq. Ermənistanı qarşıda böyük sosial partlayışlar gözləyir. Əhalinin bir hissəsi köçsə də, yerdə qalanlar üçün iş yeri tapılmır. Büdcənin az qala 25 faizi hərbi xərclərə sərf olunur. Bu situasiyada Ermənistanın yenidən qarışacağını əminliklə söyləyə bilərik. İndiki hakimiyyət elə bilir ki, vəziyyətə nəzarət edə biləcək, yaxud da hansısa bir möcüzə nəticəsində Ermənistan xilas olacaq. Ancaq Serj Sərkisyan və onun komandasından problemin həlli istiqamətində ciddi addımlar gözləməyə dəyməz. Bu fonda Ermənistanı heç Rusiya da xilas edə biləyəcək".
Qeyd edək ki, Ermənistanın Statistika Xidməti ölkədə əhalinin son 15 ildə 228,7 min nəfər azaldığını açıqlayıb.