"Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ-sız qatılmaqdır" Gündəm

"Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ-sız qatılmaqdır"

Rusiyanın Ukrayna ilə bağlı, ümumiyyətlə, müharibə ilə bağlı son vaxtlarda formalaşdırdığı mövqeyə nəzər salsaq görərik ki, Putinin Zelenski ilə görüşü istisna edilmir, lakin, bu görüş danışıqlar prosesinin başlanğıcında yox, yekun mərhələsi kimi görülür. Rusiya prezidenti Vladimir Putin özü bu barədə dəfələrlə bəyan edib ki, liderlərin görüşü yalnız əvvəlcədən hazırlanmış razılaşmanın imzalanması üçün keçirilməlidir. Bu səbəbdən Zelenskinin irəli sürdüyü təklifi Moskva geri çevirməyəcək, amma, əvvəlcə nümayəndə heyətlərinin işləməsini istəyəcək.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Atəşkəs və sülh şərtlərinin əvvəlcədən razılaşdırılması və hazırlanması lazımdır kimi təkliflər, Moskva tərəfindən irəli sürülmə ehtimalını artırır. Daha sonra yekun sülh razılaşması əldə etmək üçün Putin-Zelenski sammiti baş tuta bilər, düşüncəsindəyəm. Danışıqlar prosesinə gəldikdə isə, əlbəttə ki, iki ölkə arasında bu mümkündür və hesab edirəm ki, bu baş verə bilər" - politoloq vurğulayıb.

O, qeyd edib ki, son vaxtlarda tərəflər arasında birbaşa təmaslar və əsirlərin dəyişdirilməsi və texniki səviyyədə danışıqlar baş tutub. Bütün bunlara baxmayaraq tərəflərin tələblərini nəzərə alsaq, hələ də bir-birindən uzaq olduqlarını görmək mümkündür. Moskva ərazi məsələlərində geri çəkilmək niyyətində deyil. Kiyev isə Rusiyanın irəli sürdüyü əsas şərtləri özü üçün qəbuledilməz hesab edir:

"Bu baxımdan yaxın vaxtlarda liderlərin görüşü imkansız görünür. Amma, məhdud atəşkəs və humanitar razılaşmaların əldə olunması ehtimalı istisna deyil. Əgər liderlərin görüşü baş verərsə, bu Zelenskinin də məkan olaraq seçdiyi Türkiyə daha çox diqqət mərkəzinə gəlir.

Çünki, əvvəlki birbaşa danışıqlar da məhz burada baş tutmuşdu. Vaşinqtonun isə bu istiqamətdə yürütdüyü siyasət və müharibənin dayandırılması istiqamətində diplomatik səyləri, əlbətdə ki vasitəçilik və yaxud da müşahidəçi kimi iştirakını Zelenski tərəfindən faydalı hesab olunması da, ABŞ-a qarşı saymazyana münasibətin olmadığını qaranti altına almaq məqsədi daşıyır. Əslində Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ-sız qatılmaqdır.

Düşünürəm ki, bu əvvəlki danışıqlar prosesi zamanı baş verən təzyiqlərdən dolayı, qaynaqlanır. Bu səbəbdən hesab etmək olar ki, Rusiya danışıqlara nümayəndə heyəti çərçivəsində "hə" cavabı verəcək və hesab edirəm ki, ABŞ-ın bu görüşlərdə iştirak etmək şansı azalır və belə olan təqdirdə sülh danışıqlarına hazırlıq mərhələsinə ciddi zəmin yaranır. Bu da öz növbəsində Putin-Zelenski görüşünü nəzəri olaraq mümkün olacağını ehtimallar arasında saxlayan amildir".

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs şərtlərini müzakirə etmək üçün Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.

Siyasətçinin sözlərinə görə, ABŞ-nin iştirakı ilə sülh danışıqları hər iki tərəf üçün arzuolunandır, lakin Vaşinqton nizamlanmada iştirakdan imtina edərsə, o, özü də Moskva ilə birbaşa danışıqlara getməyə hazırdır.

“Burada alternativ yoxdur. Ona görə də biz istənilən formatı dəstəkləyirik və mən bu müharibəyə son qoymaq üçün Putinlə birbaşa danışıqlara hazıram”, - deyə Zelenski bildirib.

Cavid