ABŞ "F-15EX" qırıcılarının Yaponiyaya göndərilməsini təxirə salır Dünya

ABŞ "F-15EX" qırıcılarının Yaponiyaya göndərilməsini təxirə salır

Amerika Birləşmiş Ştatları Yaponiyanın cənubundakı Okinava adasında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin "Kadena" bazasına göndərilməli olan 36 ədəd modernləşdirilmiş "F-15EX" döyüş təyyarəsinin köçürülməsini 2027-ci ilə qədər təxirə salır.

Xalqcebhesi.az xəbər verir ki, "Kyodo" informasiya agentliyinin ABŞ-dakı mənbələrə istinadən verdiyi məlumata görə, bu qırıcıların tam yerləşdirilməsi indi 2028 və ya 2029-cu illərə planlaşdırılır.

Mənbələrin bildirdiyinə görə, təyyarələrin köçürülməsindəki gecikmə istehsalçı şirkət olan "Boeing"in müəssisələrində yaşanan problemlərlə bağlıdır.

Dördüncü nəsil "F-15EX" qırıcısı 13,3 tona qədər faydalı yük götürə bilir və bu göstəriciyə görə bəzi bombardmançı təyyarələri üstələyir. Bu, hazırda Yaponiyada yerləşdirilmiş köhnəlmiş "F-15" qırıcılarının yük götürmə qabiliyyətindən təxminən iki dəfə çoxdur.

"F-15EX" 12 ədəd uzun mənzilli "hava-hava" tipli raket, həmçinin perspektivli hipersəs raketləri daşımaq imkanına malikdir. Bu tipli qırıcılar güclü radar və tamamilə rəqəmsal avadanlıqlarla təchiz olunub, həmçinin beşinci nəsil "F-35" döyüş təyyarələri ilə birgə fəaliyyətə uyğunlaşdırılıb.