Kəmaləddin Heydərov Malayziyanın xarici işlər naziri ilə görüşüb Siyasət

Kəmaləddin Heydərov Malayziyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyunun 6-da Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı qonağa Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Azərbaycan FHN-lə Malayziyanın müvafiq dövlət qurumları arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi də diqqətə çatdırılıb.
Öz növbəsində, malayziyalı nazir deyib ki, ölkəsinin baş nazirinin Azərbaycana qarşıdakı səfəri zamanı iki ölkə arasında energetika, investisiyalar, turizm, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, elm, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair sənədlər imzalanacaq.
Qonaq vurğulayıb ki, Malayziya Azərbaycanla fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində də geniş əməkdaşlıq etməkdə maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.