Səfir prezident seçkilərilə bağlı dövlətinin mövqeyini açıqlayıb Siyasət

Səfir prezident seçkilərilə bağlı dövlətinin mövqeyini açıqlayıb

"ABŞ şəffaf və nəticəsinə inanıla bilən seçkilərin keçirilməsinin tərəfdarıdır"

"Biz hələ bu işin ilkin mərhələsindəyik. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin Azərbaycana gələcəyi barədə məlumatımız var".
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanda keçiriləcək prezident seçkilərində ABŞ tərəfdən müşahidəçilərin olub-olmayacağı barədə suala cavabında deyib.
Səfir ABŞ dövlət katibinin köməkçisinin müavini Bricet Brinkin Azərbaycanda səfərdə olarkən seçkilərlə bağlı müəyyən fikirlər səsləndirdiyini də xatırladıb: "Mən isə dövlət katibi Reks Tillersonun Misirdəki seçkilərlə bağlı fikirlərinə istinad etmək istəyirəm. O bildirib ki, ABŞ bütün ölkələrdə olduğu kimi, Misirdə də şəffaf və nəticəsinə inanıla bilən seçkilərin keçirilməsinin tərəfdarıdır. Elə bir seçkilər ki, orada hər bir vətəndaşa öz seçimini, öz mövqeyini ədalətlə və azad şəkildə ifadə etmək imkanı yaradılsın. Biz bu məqamlara diqqət yetirərək fikrimizi açıqlayacağıq".
"ABŞ-ın Minsk qrupunun həmsədri vəzifəsini davam etdirməsi Birləşmiş Ştatların bu münaqişənin həllinə sadiqliyinin bariz nümunəsidir"-deyən Robert Sekuta bu yaxınlarda Minsk qrupunun amerikalı həmsədri Endryu Şoferin Azərbaycana səfər etdiyini xatırladıb: "Bilirsiniz ki, Vaşinqtonda müəyyən vəzifələrin ixtisarı ilə bağlı söhbətlər gedirdi. Məhz Minsk qrupunun həmsədri vəzifəsinin saxlanması Birləşmiş Ştatların bu münaqişənin dinc yolla həll edilməsinə sadiqliyinin bariz nümunəsidir".
Səfir bildirib ki, ABŞ-ın 1991-ci ildən azərbaycanlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ayırdığı 125 milyon dollarlıq yardım bu istiqamətdə görülən işlərin bir hissəsidir: "Bununla yanaşı, Azərbaycanın daha güclü, çiçəklənən və inkişaf edən ölkə olması üçün ikitərəfli əlaqələrimizi davam etdiririk. Keçən həftə Amerikanın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasına qatıldı. ABŞ "Əsrin müqaviləsi" adlanan layihəyə - Bakı-Tbilisi-Ceyhan boru kəmərinə dəstək olub. Bütün bu sadaladığım və sadalamadığım məsələlər Azərbaycanın iqtisadi cəhətdən inkişaf edib, güclənməsinə xidmət göstərir. Biz Minsk qrupu çərçivəsində və ikitərəfli formatda da münaqişə tərəflərini bir araya gətirərək problemin dinc yolla həll olunmasına səylər göstərmişik və bu səylərimizi davam etdiririk".