İƏT-ə üzv ölkələrlə hansı layihələr müzakirə olunub? Siyasət

İƏT-ə üzv ölkələrlə hansı layihələr müzakirə olunub?

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən dördüncü konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Səudiyyə Ərəbistanı Krallığının əmək və sosial inkişaf naziri Ali bin Nasser Al Ghafees və İndoneziya Respublikasının işçi qüvvəsi naziri Muhammed Hanif Dhakiri ilə görüşlər keçirib.
Nazirlikdən verilən məlumata görə, Ali bin Nasser Al Ghafees ilə görüşdə S.Müslümov Azərbaycanla Səudiyyə Ərəbistanı arasında İƏT çərçivəsində əmək və sosial müdafiə sahəsində fəal əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Nazir ölkəmizdə əmək bazarı və icra olunan aktiv əmək bazarı proqramları, işçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün aparılan işlər, əmək və sosial müdafiə sahələrində qurulan innovativ əsaslı iş mexanizmləri barədə məlumat verib. O həmin sahələrdə ikitərəfli formatda da əməkdaşlığın qurulması və inkişafı üçün imkanların mövcud olduğunu qeyd edib. Ali bin Nasser Al Ghafees iki ölkə arasında daim inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edib, əmək və sosial müdafiə sahələri üzrə Azərbaycanla əməkdaşlığı gücləndirmək marağında olduqlarını diqqətə çatdırıb.
Muhammed Hanif Dhakiri ilə görüşdə S.Müslümov aktiv məşğulluq tədbirlərinin təşkilində, işçi qüvvəsinin bacarıqlarının artırılmasında təcrübə və bilik mübadilələrinin aparılmasının səmərəli ola biləcəyini bildirib. Muhammed Hanif Dhakiri ölkəsinin əmək bazarında özünü göstərən dəyişikliklərə uyğun şəkildə aparılan işləri diqqətə çatdırıb. O, əmək və məşğulluq, əmək bazarının tənzimlənməsində fəal əməkdaşlığın həyata keçirilməsinə xüsusi önəm verdiklərini vurğulayıb.
Görüşlərdə İƏT-in Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər arasında əlaqələrin genişlənməsi baxımından mühüm rol oynayacağı vurğulanıb. Mərkəzin nizamnaməsinin Səudiyyə Ərəbistanı və İndoneziya tərəfindən də imzalanmasının nəzərdə tutulması ilə əlaqədar bu mövzuda hər iki görüş zamanı fikir mübadiləsi aparılıb.
Həmçinin qarşılıqlı maraq doğuran sahələrdə gələcək əməkdaşlıq məsələləri, yeni hazırlanan "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun və "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" layihələri müzakirə olunub.
Görüşlər zamanı S.Müslümov Ali bin Nasser Al Ghafeesi və Muhammed Hanif Dhakirini ölkəmizə işgüzar səfərə dəvət edib.