13:13
581
“Fransada nümayişlərin oktyabrın 17-19-20-si arasında daha çox vüsət aldığını qeyd etmək lazımdır. Bu nümayişlərin baş verməsində əsas rolu tələbələr oynayır. Verilən məlumata görə məktəblərdə müəllim çatışmazlığı, təhsildə problemlər və s. məsələlər tələbələri ayağa qaldırıb. Bundan sonra isə təbii ki, digər narazı qruplar - pensiyasının azlığından şikayət edən, əməkhaqqısından narazı olanlar, sosial problemləri olan qruplar da bu tələbələrin nümayişinə dəstək veriblər”.
Bunu xalqcebhesi.az-a Milli Məclisin deputatı Elşad Musayev bildirib.
Deputat söyləyib ki, Parisdə və digər böyük şəhərlərdə çox ciddi nümayişlər vüsət alıb və ciddi qarşıdurmaya səbəb olub: “Etirazçıların və həm də polislərin içində xeyli yaralananlar var. 500 nəfərdən çox polisin yaralandığı deyilir və çox sayda da etiraz aksiyasına çıxanların yaralandığı, xəstəxanalara yerləşdirildiyi bildirilir. Təqribən 2500 nəfərə yaxın etirazçının, nümayişçinin həbs olunduğu qeyd olunur. Polis ən səhv üsullarla nümayişi yatırmaq istəyir, amma etirazçılar da öz etirazlarından geri qalmaq istəmirlər”.
E.Musayevin fikirlərinə görə, bu, Makron hakimiyyətinə sərf etmir: “Makron tərəfdarları, onu müdafiə edən siyasi qüvvə qarşıdan gələn 2027-ci ildə keçiriləcək prezident seçkiləri üçün çox böyük zərbə almış olurlar. Yəni bu işin siyasi nəticəsini götürsək və burada da sağçı partiyaların, Marin Le Penin partiyasının bu vəziyyətdən yararlanacağı açıq-aşkar görünür. Nəzərə alaq ki, Fransa indinin özündə də müstəmləkə siyasətini davam etdirən ölkədir və digər dövlətlərin işlərinə qarışmaqla ad çıxarıb. Həmçinin Fransa Azərbaycan-Ermənistan məsələsində, Azərbaycanın daxili işlərinə müdaxilə məsələsində burun soxmaqdan geri çəkilməyib. Görünür, bu da bir İlahi təcəllidir ki, Fransa öz xalqı tərəfindən cəzalanır”.
Röya İsrafilova