“Təhsildə region və şəhər məktəbləri arasında fərq açıq görünür” Cəmiyyət

“Təhsildə region və şəhər məktəbləri arasında fərq açıq görünür”

“Ali təhsil müəssisələrinə qəbul nəticələri region məktəbləri ilə böyük şəhərlərdə yerləşən məktəblər arasında təhsil imkanları baxımından fərqləri üzə çıxarır”.

Bunu təhsil eksperti Məzahir Məmmədli Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərən müəllimlər əsasən mərkəzi ərazilərdə və böyük şəhərlərdə işləməyə üstünlük verirlər: “Ucqar bölgələrdə isə daha aşağı nəticə göstərərək minimum həddi keçən müəllimlər işləməyə məcbur olurlar. Onlar gələcəkdə yerdəyişmə yolu ilə böyük məktəblərə qayıtmağa ümid edirlər. Bu vəziyyət region məktəblərində təhsilin keyfiyyətinə və şagirdlərin imtahanlara hazırlıq imkanlarına təsir göstərir.Biz bilirik ki, ali təhsil müəssisələrinə qəbul nəticələri ilə məktəblərin reytinqi, müəllimlərin nüfuzu ölçülür. Ona görə də şəhər məktəblərinin reytinqi və müəllimlərin nüfuzu yüksək göstərilir. Çünki ali təhsil müəssisələrinə qəbul nəticələri yaxşı olur. Bu nəticələr isə daha çox repetitorlarla da əlaqədardır”.

M.Məmmədlinin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin hazırladığı yardımçı vəsaitlər də şəhər məktəblərində daha əlçatan olduğundan, həmin vəsaitlərdən istifadə imkanları region məktəbləri ilə müqayisədə daha geniş olur. Nəticədə təhsildə mövcud fərqlər qəbul imtahanlarının nəticələrində də özünü göstərir.

Günel Elxan