BAXCP sədrinin prezidentliyə namizədliyi qeydə alınıb Siyasət

BAXCP sədrinin prezidentliyə namizədliyi qeydə alınıb

Martın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2018-ci il martın 6-da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş cənab Zahid Məhərrəm oğlu Orucun, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş cənab Araz Məmməd Mübariz oğlu Əlizadənin və namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş cənab Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyi qeydə alınıb.
İclasda həmçinin Vətəndaş və İnkişaf Partiyası tərəfindən təqdim edilmiş səlahiyyətli nümayəndələr qeydə alınıb.
Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.
Qeyd edək ki, bundan əvvəl MSK Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeydə alıb.
Xatırladaq ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.