Millət vəkili Hövsan və Yeni Suraxanıda məktəb sıxlığından danışıb Gündəm

Millət vəkili Hövsan və Yeni Suraxanıda məktəb sıxlığından danışıb

“Dövlət büdcəsinin uğuru yalnız ayrılan vəsaitin həcmi ilə deyil, onun insanların gündəlik həyatında yaratdığı real dəyişikliklərlə ölçülməlidir”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Sevinc Fətəliyeva parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat çıxışında təqdim olunan büdcənin əsas prioritetlərini müsbət dəyərləndirərək, Vaşinqtonda paraflanmış sülh sazişi fonunda regionda yaranan yeni reallıqlara və müdafiə xərclərinin saxlanılmasının əhəmiyyətinə toxunub. S.Fətəliyeva çıxışının əsas hissəsini təmsil etdiyi Suraxanı rayonunun, xüsusilə Hövsan və Yeni Suraxanı qəsəbələrinin sakinlərini narahat edən məsələlərə həsr edib:
Kommunal və ekoloji problemlər: Deputat Hövsan və Yeni Suraxanıda su xətlərinin yenilənməsinə, mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulmasına, qəsəbədaxili yolların təmirinə və işıqlandırılmasına ehtiyac olduğunu bildirib. O, həmçinin Hövsan kanalının açıq vəziyyətdə olmasının sakinlərin həyatına mənfi təsir etdiyini, məişət və texniki suların Xəzər dənizinə axıdılmasının ekoloji problem yaratdığını vurğulayaraq kanalın yenidən qurulmasını və müasir təmizləyici qurğuların inşasını təklif edib.

Təhsil və səhiyyə infrastrukturu: Hövsandakı 118 saylı və Yeni Suraxanıdakı 316 saylı məktəblərdə şagird sıxlığını aradan qaldırmaq üçün əlavə tədris korpuslarının tikilməsinin vacibliyi qeyd olunub. Bundan başqa, əhalinin artması nəzərə alınaraq Hövsanda geniş profilli stasionar xəstəxananın inşası, eləcə də əvvəlki proqramlarda yarımçıq qalmış məktəb və uşaq bağçası layihələrinin (o cümlədən 203 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulmasının) tamamlanması istənilib.

Yeni ərazilərin inkişafı və peşə təhsili: S.Fətəliyeva Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış 1376 hektardan artıq ərazidə məktəb, bağça, poliklinika, poçt və digər xidmət obyektlərinin yaradılması üçün kompleks infrastruktur planının hazırlanmasını məqsədəuyğun sayıb.
O, həmçinin iş axtaran gənclər üçün rayonda müasir texniki-peşə təhsili müəssisəsinin yaradılmasına böyük ehtiyac olduğunu bildirib.

Günel Elxan