12:09
133
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bildirib ki, Rusiya-Ukrayna müharibəsini dayandırmağın yeganə yolu Ukraynanın NATO-ya üzv qəbul edilməsidir.
Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən siyasi şərhçi Taleh Əliyev qeyd edib ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson kifayət qədər cəsarətli, qətiyyətli və həm də anti-Rusiya mövqeyi ilə seçilən siyasətçilərdən, dövlət adamlarından biridir: “Hesab edirəm ki, onun bu açıqlaması Rusiyaya qarşı aparılan psixoloji savaş baxımından çox önəmlidir. Boris Conson özü də çox yaxşı bilir ki, hazırkı mərhələdə Ukraynanın NATO-ya üzvlüyə qəbul edilməsi NATO-nun Rusiyaya müharibə elan etməsi anlamından başqa bir məna kəsb etmir. Ona görə bu gün bu təşəbbüs, bu çağırış, bu bəyanat gerçəkləşməsi mümkün olmayan, amma siyasi dəstək baxımından da olduqca əhəmiyyətli bir bəyanatdır. Bu bəyanat həm də döyüşən Ukrayna ordusu üçün, müharibə şəraitində yaşayan Ukrayna xalqı üçün mənəvi, psixoloji baxımdan da olduqca əhəmiyyətlidir”.
“Bu bəyanat dost, müttəfiq Avropa dövlətlərinin bir daha dəstəyidir. Amma belə bir addımın hesab etmirəm ki, istər NATO strukturları çərçivəsində, istərsə də NATO-ya üzvü olan dövlətlər tərəfindən dəstəklənə bilər. Adi bu gün Ukraynaya maliyyə dəstəyinin verilməsi ilə bağlı NATO üzvü olan, Avropa İttifaqı üzvü olan ölkələr arasında ciddi fikir ayrılıqları var. Ona görə də bu ideya, yenə deyirəm, gerçəkləşməsi mümkün olmayan, ancaq psixoloji dəstək baxımından, dost və müttəfiq Ukrayna xalqına, Ukrayna dövlətinə verilmiş ciddi bir dəstək mesajıdır. Eyni zamanda da bu addımı Avropanın Rusiyaya münasibətdə necə bir barışmaz mövqe tutduğunun göstəricisi kimi qiymətləndirmək lazımdır” – deyə T.Əliyev əlavə edib.
Röya İsrafilova